Azərbaycana 10 dollarlıq mobil telefonlar gətiriləcək


ABŞ-ın texnoloji avadanlıqlar istehsalçısı olan «Hop-On» şirkəti dünyanın ən ucuz mobil telefon aparatını artıq satışa çıxarıb.

Satış qiyməti 10 dollar olan bu mobil telefonlara istənilən ölkədə GSM tezliyində xidmət göstərən mobil operatorun sim-kartını daxil etmək olar. Əsasən turistlər üçün nəzərdə tutulan birdəfəlik «Hop-On» telefonlarını qüsursuz geri qaytardıqda satış qiymətinin 50%-ni geri almaq mümkündür.

«Anti-iPhone» kimi reklam olunan bu telefonun çəkisi 77 qram, qabariti 96,6 x 41,6 x 14 mm, polifonik musiqi seçimi (16 MIDI), batareyasının təmin etdiyi danışıq müddəti 4 saat, saxlama müddəti isə 150 saatdır. Batareyanın saxlama müddətini artırmaq və qiymətin maksimum ucuz etmək məqsədi ilə istehsalçı bu modeli ekranla təchiz etməyib.
Telefon amerikalı istifadəçilər üçün 850/1900 MHz, Avrasiya üçün 900/1800 MHz GSM-diapazonunda işləyir.

Ekspertlərin fikrincə, telefonlar həddən artıq ucuz olduğu üçün dünyanın bir çox mobil rabitə operatorları öz nömrələri ilə birlikdə onu müştəriyə pulsuz vermək məqsədi ilə tezliklə bu modeldən sifariş verəcək. Çünki, xarici turistlər digər ölkəyə səfər edərkən orada olacaqları müddət ərzində mümkün qədər ucuz və yerli operatorların dəstəklədiyi mobil telefonların alınmasında maraqlıdırlar. Artıq bir neçə ay ərzində bu telefonları Avropa və Asiyanın əksər ölkələrində almaq mümkün olacaq. Mobil telefon həvəskarlarının çox olduğunu və mövsümi turist axının artdığını nəzərə alsaq, yaxın aylarda dünyanın ən ucuz mobil telefon aparatının Azərbaycan bazarına da çıxacağını proqnozlaşdırmaq olar. APA