Azərbaycanda ilk «Opel» avtomobil mərkəzi açılıb

Azərbaycanda Almaniyanın «Opel» avtomobillərinin rəsmi distribütoru olan «Cahan Motors» şirkəti Bakıda yeni avtomobil satış və servis mərkəzi açıb. «APA-ECONOMICS»in məlumatına görə, bununla əlaqədar «Opel» brendinin sahibi olan «General Motors» şirkəti «Cahan Holdnig» ilə birlikdə mətbuat konfransı keçirib. 


Tədbirdə çıxış edən «General Motors» şirkətinin Mərkəzi və Şərqi Avropada marketinq üzrə icraçı direktoru Kris Lasey qeyd edib ki, Azərbaycan iqtisadiyyatının demək olar ki, bütün sahələrində dinamik inkişaf müşahidə olunur, o cümlədən də, avtomobil bazarında: «Bununla əlaqədar biz Azərbaycanda özümüzə tərəfdaş axtarmalı olduq və tərəfdaşımızı «Cahan Holding»in şəklində tapdıq. Əminəm ki, biz Azərbaycanda istehlakçıların tələbatını tam ödəyə biləcəyik». 

Mətbuat konfransında çıxış edən «Cahan Holding»in prezidenti Vüqar Abbasov tədbir iştirakçılarına bildirib ki, gələcəkdə «Cahan Motors» şirkəti Azərbaycana «General Motors» şirkətinin digər bir sıra brendini də gətirəcək. Yeni avtomobil mərkəzinin açılışından danışan V.Abbasov həmçinin qeyd edib ki, bu il ərzində mərkəzdə «Opel» avtomobilinin 200 ədəd müxtəlif modelləri satılacaq: «Gələn il ərzində isə biz satış həcmini ən azı 70-100% artıraraq avtomobillərin satışını 350-400 ədədə çatdırmaq niyyətindəyik». 

V.Abbasovun sözlərinə görə, «Opel» avtomobilinin modelləri sırasında hazırda ölkə əhalisinin üstünlük verdiyi və Azərbaycanda ən çox satılan model «Opel Corsa» modelidir ki, bu avtomobilin də üstünlüyü onun azlitrajlı, yəni yanacaq sərfinin az olması ilə bağlıdır.
V.Abbasov həmçinin qeyd edib ki, yeni açılmış avtomobil mərkəzinin daxilində həmçinin «Opel» avtomobilərinin müxtəlif modellərinə yüksək xidmət göstərən servis mərkəzi də mövcuddur. Ümumilikdə isə «Opel» avtomobil mərkəzində 90 nəfərə yaxın işçi çalışır.
«Hazırda Azərbaycanda regionların inkişafına dair yeni dövlət proqramı hazırlanır. Bununla əlaqədar biz yaxın gələcəkdə Naxçıvan şəhərində də avtomobil satış və servis mərkəzi açacayıq. Sözügedən mərkəz artıq hazırlanıb və cari ilin avqust ayında istifadəyə veriləcək. Perspektivdə daha bir avtomobil satış və servis mərkəzini Azərbaycanın qərb bölgəsində açmaq niyyətindəyik», - deyə V.Abbasov bildirib.
Tədbirdə çıxış edən «Cahan Motors» şirkətinin baş meneceri Emin Rəsulov isə öz növbəsində vurğulayıb ki, gələcəkdə «General Motors» şirkətinə məxsus olan digər avtomobil brendləri də «Opel» kimi Azərbaycanda öz layiqli yerini tutacaq. 
Qeyd edək ki, yeni açılmış «Opel» avtomobil mərkəzində bu avtomobilin yeni «Tigra», «Zafira», «Astra TT», «Corsa», «Vectra» və digər modelləri nümayiş olunub.