General Motorsun binası satıldı


ABŞ-ın "Boston Properties" şirkəti daşınmaz əmlak satıcısı Harri Makloudan Nyu-Yorkda "General Motors"un binasını və daha üç obyekti satın alıb. Sövdələşmənin ümumi məbləği $3,95 milyarda bərabərdir.

"Boston Properties"dən "New York Post"a verilən məlumatda bildirilir ki, "General Motors"un 50 mərtəbəli binası şirkətə $2,9 milyarda başa gəlib.

Bu isə Birləşmiş Ştatlarda ofis göydələnləri üçün rekord məbləğdir. "Stacom" broker agentliyinə istinad edən "Bloomberg" agentliyi bildirir ki, bununla da "General Motors"un göydələni dünyanın ən bahalı ofis binasına dönüb.

Lakin bu açıqlama bir qədər dəqiq deyil, çünki Rusiyanın "YUKOS" neft şirkətinin Moskvadakı ofisi 2007-ci ildə hərracda 1,5 dəfə baha satılmışdı. Hərrac zamanı binanın qiyməti 22 milyard rubldan 100 milyard rubla ($4,2 milyard) artmışdı.
"Boston Properties" ilə birlikdə sövdələşmələrdə investor qismində "Goldman Sachs" və "Morgan Stanley" bankları da iştirak ediblər. Bundan başqa, əməliyyatın iştirakçıları arasında Qətər və Küveytin dövlət investisiya fondları da var. //Ekspress