İstehlakçı hüquqlarına dair sayt yaradılıb


RİTN-nin Dünya Bankı ilə birgə həyata keçirdiyi kiçik qrantlar proqramı çərçivəsində 3-cü layihə hazırlanıb 
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Dünya Bankı (DB) ilə birgə həyata keçirdiyi kiçik qrantlar proqramı çərçivəsində Azad İstehlakçılar Birliyi tərəfindən İstehlakçı hüquqlarına dair veb-səhifə (http://www.consumer-aib.com/) hazırlanıb.
Sözügedən layihə ümumilikdə bu proqram çərçivəsində hazırlanmış artıq üçüncü layihədir. 

İlk iki layihələr isə Demokratik İslahatçı Gənclər İctimai Birliyi və Uşaqlara Mərhəmət Cəmiyyəti tərəfindən hazırlanan “Məktəblilər üçün e-hökumət” və “İnformasiya Texnologiyalarının tətbiqi ilə peşə tədrisi” layihələridir.

Xatırladaq ki, “İnformasiya cəmiyyəti – inkişafın yeni mərhələsi” mövzusunda keçirilən qrant müsabiqəsinin yekunlarına görə 7 qalib müəyyənləşmişdir. Təqdim olunan layihələr yeni informasiya texnologiyalarının tətbiqi, təhsil və səhiyyə sahəsində islahatlar, büdcə şəffaflığı və antikorrupsiya, gənclərin vətəndaş cəmiyyətinə inteqrasiyası, sosial müdafiə tədbirləri, ictimai şəffaflıq, yoxsulluğun azaldılması və insan haqlarının qorunması kimi problemlərin həlli məsələlərini əhatə edirdi.