Re-invest Caspian


Sabah Bakıda Almaniyanın işlənmiş avadanlıqlarının sərgisi başlayır 

Bu ilin iyun ayının 10-11-də Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) Özəl Sektorun İnkişafı Proqramı (PSDP) çərçivəsində Azərbaycan şirkətlərinin avadanlıqlara olan tələbatını nəzərə alaraq Bakıda ilk dəfə «Xəzəryanı və Qafqaz regionu üzrə beynəlxalq işlənmiş maşın və avadanlıqlar» sərgisi («Re-invest Caspian») keçiriləcək. 

GTZ-nin Bakı nümayəndəliyindən «APA-ECONOMICS»ə verilən məlumata görə, sərginin konsepsiyasını Xəzər və Qafqaz regionu üçün işlənmiş avadanlıqlar və maşınlar üzrə ixtisaslaşmış sərgi kimi GTZ və Almaniyanın «Corporate Solution» konsalting şirkəti hazırlayıb.
«Bu sərgi Azərbaycan və Xəzər regionundan olan sahibkarlar üçün mühüm sahələr və ya məhsul qrupları üzrə işlənmiş avadanlıqların ixtisaslaşmış təklif edən qurumlarla birbaşa əlaqələrin yaradılması üçün imkanlar təklif edir», - deyə GTZ-dən bildirilib. 

Sərgidə əsasən qida məhsullarının emalı və qablaşdırılması, taxta emalı və mebel istehsalı, plastik materialların emalı, təkrar emal, metal emalı, toxuculuq və hazır geyim istehsalı, tikinti və yük maşınları, kənd təsərrüfatı maşınları və aqrar texnika, komplekt fabriklər, istehsal avadanlıqları və digər məhsullar nümayiş olunacaq. Tədbirdə Almaniyadan 25-dək iştirakçının qatılacağı və təxminən 50-dək Azərbaycan şirkətinin iştirakı gözlənilir.

Qeyd edək ki, «Re-invest Caspian» sərgisi Azərbaycan İqtisadi İnkişaf Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Almaniyanın «Resale Karlsrue»nin (işlənmiş avadanlıqlar üzrə beynəlxalq sərgi təşkilatı) dəstəyi ilə keçiriləcək.