noutbuklar kompüterləri qabaqlayacaq

Artıq 2009-cu ildə noutbuklar dünya üzrə satış həcminə görə fərdi kompüterləri qabaqlayacaq. «APA-ECONOMICS»in məlumatına görə, bu barədə IDC analitik təşkilatın hesabatında deyilir. 

Sənədə əsasən, 2008-ci ildə desktop, noutbuk və «Intel»in standart arxitekturalı serverləri də daxil olmaqla, fərdi kompüterlərin dünya miqyasında satış həcmi 2007-ci ildəki 269,1 mln. ədəddən 310 mln. ədədədək yüksələcək.

Təşkilatın analitiklərinin fikrincə, cari ildə dünya fərdi kompüterlərin bazarının həcmi 9,6% - 286 mlrd. dollaradək artacaq. Yaxın 4 il ərzində bazarın həcmi ildə orta hesabla 5-6% artaraq 2012-ci ildə 354 mlrd. dollara çatacaq. Cari ildə fərdi kompüterlərin satış həcmi cəmi 2,2%, noutbuklar isə 34,5% yüksələcək.

Qeyd edək ki, digər analitik təşkilat – «Gartner» də noutbukların satış həcminin artımını proqnozlaşdırır: «Bu ilin birinci rübündə noutbukların satış həcmi gözlədiyimizdən artıq olub». «Gartner»in proqnozlarına görə, cari ildə dünya üzrə 297 mln. fərdi kompüter satılacaq.