Vahid Ələkbərov Bakıya gəlir


İyul ayının 2-3-də Rusiyanın «LUKoil» neft şirkətinin prezidenti Vahid Ələkbərov Bakıya rəsmi səfər edəcək..Ələkbərov Bakıya Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycana rəsmi səfəri çərçivəsində gələcək.

«Nikoil» Səhmdar İnvestisiya Bankından «APA-ECONOMICS»ə verilən məlumata görə, V.Ələkbərovun səfəri çərçivəsində iyulun 2-də Bakıda «Nikoil» bankın səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. İclasda səhmdarların struktur dəyişikliyi və bankın gələcək inkişaf planları kimi məsələlər müzakirə olunacaq. Səhmdarların yığıncağında həmçinin Bakıda səfərdə olacaq «Uralsib» Maliyyə Korporasiyasının prezidenti Nikolay Tsvetkov, «İSR Holdinq» şirkətinin prezidenti İskəndər Xəlilov və «Nikoil» bankın İdarə Heyətinin sədri Vasili Xamaza iştirak edəcəklər.

Qeyd edək ki, «LUKoil-Azerbaijan» şirkəti 1993-cü ildə yaradılıb. Hazırda şirkətə Azərbaycan ərazisində fəaliyyət göstərən 26 yanacaqdoldurma stansiyası, neft bazası və ildə 120 min ton neft məhsullarını nəql edə bilən 10 yanacaq saxlama rezervuarı məxsusdur.
Xatırladaq ki, təsisçisi Rusiyanın «Uralsib» Maliyyə Korporasiyası (61%), Azərbaycanın «ISR Holding» (20%) və Rusiyanın «Uralsib İnvest» şirkəti (19%) olan «Nikoil» SİB 1997-ci ildən fəaliyyət göstərir. Bu ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 145,557 mln. manat, kredit portfeli 111,106 mln. manat, depozit portfeli 75,538 mln. manat, məcmu kapitalı 14,196 mln. manat, o cümlədən nizamnamə kapitalı 10 mln. manat təşkil edib.