Roman Abramoviç istefa etdi


Rusiya prezidenti Dmitri Medvedev Çukotka muxtar dairəsinin qubernatoru Roman Abramoviçin istefasını qəbul edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Kremlin mətbuat xidməti R. Abramoviçin öz istəyi ilə istefaya getdiyini və onun yerinə bu vəzifəyə Roman Kopinin təyin olunduğunu açıqlayıb.
Yəhudi əsilli R. Abramoviç 1966-cı ildə Saratovda doğulub. Əmək fəaliyyətinə 1987-ci ildə “Mosspetsmontaj” trestinin 122 saylı tikinti idarəsində mexanik kimi başlayıb. 1989-cu ildə uşaq oyuncaqları istehsal edən “Uyut” kooperativini, 1991-ci ildə isə “ABK” kiçik müəssisəsini yaradaraq biznes fəaliyyətinə başlayıb. 1996-cı ildə “Sibir” Neft Şirkətinin Direktorlar Şurasının üzvü olub. 1999-cu ildə Çukotkadan Dövlət Dumasına üzv, 2000-ci ildə isə Çukotkanın qubernatoru seçilib. Moskva Dövlət Hüquq Akademiyasını bitirib. 2006-cı ilin dekabrında prezidentə müraciət edərək qubernator vəzifəsindən azad olunmasını istəyib. 2003-cü ilin iyulunda İngiltərənin “Çelsi” futbol klubunu satın alıb.