Vahid Ələkbərov: "Artıq ucuz neft olmayacaq"


Ucuz neftin dövrü başa çatıb. Bu barədə çərşənbə günü Bakıda «Lukoyl» neft şirkətinin prezidenti Vahid Ələkbərov bildirib.

«Lukoyl» rəhbəri bildirib ki, bu gün xüsusilə də Çin, Hindistan və ümumilikdə Cənub -Şərqi Asiyada enerji daşıyıcılarına tələbat artır.

«Bu gün texnologiyalar, maliyyə və kadr potensialına malik neft şirkətləri ucuz ehtiyatların olmaması səbəbindən mürəkkəb yataqlara, xüsusilə də, iki min metrdən çox dərinlikdə olan şelfin işlənməsinə külli miqdarda pul yatırmaq məcburiyyətindədir», - deyə Ələkbərov vurğulayıb.

Onun rəyinə görə, bu şirkətlərin xərcləri neftin qiymətlərini formalaşdırır.

«Ərəb ölkələri və OPEK də hasilatı maksimum həddə çatdırıb. Bundan sonra böyük miqdarda sərmayələr yatırılmadan hasilatın artması gözlənilməyəcək. Buna görə, ucuz neft olmayacaq», - deyə «Lukoyl» rəhbəri bildirib.

Ələkbərov yaxın gələcəkdə neft qiymətlərini proqnozlaşdırmaqdan imtina edib.

Bu həftə neftin bir barelinin qiyməti 143 dollardan çox olub.

Trend