Makladığım iqtisadi xəbərlər

“Azercell” “Yubiley hədiyyələri” kampaniyasının dörd qalibinə avtomobil hədiyyə edib
Artıq kampaniyaya çıxarılan 10 “Toyota Corolla” avtomobilinin altısı udulub. “Azercell”in vitse-prezidenti Ali Ağan bu gün dörd qalibə “Toyota Corolla” avtomobilinin açarlarını təhvil verib. “SimSim”in 10 illiyinə həsr olunan “Yubiley hədiyyələri” kampaniyası avqustun 31-dək davam edəcək.
Qeyd edək ki, “Yubiley hədiyyələri” kampaniyası çərçivəsində artıq 347,584 abonent balansına 435,363, 434 bonus kontur yükləyib. Kampaniyada 10, 20, 40, 100 və 200 manat qiymətində olan xüsusi Ödəmə kartları və 2, 5, 10, 20 və 40 manat qiymətində olan xüsusi SimSim danışıq kartları iştirak edir.

«Parabank» VISA plastik kartlarının yeni növlərini buraxıb
Azərbaycanın «Parabank» Açıq Səhmdar Cəmiyyəti plastik kart portfelinə beynəlxalq VISA plastik kartlarının yeni 3 növünü daxil edib. ASC-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, kart portfelinə VISA Electron, VISA Classic və VISA Gold kartları daxil olub. Bankın müştəriləri bu kartları əldə edərək, öz hesablarından vəsaitlərini manat, ABŞ dolları və ya avro ilə çıxara biləcəklər. «Parabank» hər bir əmanətçisi və bankdan kredit alan şəxs VISA plastik kartlarının sahibi olacaq.
Qeyd edək ki, VISA Electron kartları öz sahiblərinə əmək haqqını günün istənilən saatında nağd şəkildə almağa, VISA Classic dünyanın istənilən nöqtəsində mal və xidmətlərin dəyərini ödəmək və nağd pul çıxarmağa, VISA Gold isə öz fərdiliyini vurğulamaq imkanı verir.
Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 8 filialı fəaliyyət göstərir.

Rusiyalı milyarder «Hummer» avtomobil şirkətini almaq niyyətindədir
Rusiyanın Qorkov Avtomobil Zavodu (QAZ) ABŞ-ın «General Motors» konserninə məxsus olan «Hummer» avtomobil şirkətini ala bilər. Rusiya mətbuatı rusiyalı milyarder Oleq Deripaskaya məxsus olan QAZ-ın «Hummer»i almaq niyyətində olduğunu yazır. Bundan başqa, «Hummer»i Çin (SAIC korporasiyası) və Hindistandan («Mahindra & Mahindra» şirkəti) olan şirkətlərin alacağına dair də xəbərlər var. Lakin Hindistanın «Mahindra & Mahindra» şirkəti «Hummer»i almayacaqlarını bildirib. Belə ki, şirkət artıq özü ağır yol şəraiti üçün nəzərdə tutulan avtomobillərin istehsalına başlamaq niyyətindədir.
Qeyd edək ki, «General Motors»a məxsus «Hummer» avtomobil şirkəti konsernin maliyyə problemləri ilə üzləşməsi səbəbindən satılır. ABŞ-ın «Citibank» maliyyə institutu da «Hummer»in satılması üçün potensial müştəri axtarır.
Xatırladaq ki, ABŞ avtomobil mütəxəssislərin fikrincə, artıq bir neçə ildən sonra Amerika avtomobil bazarında ağır yol şəraiti üçün nəzərdə tutulan avtomobil və pikapların satışı kəskin azalacaq.

Azərbaycanda bələdiyyələrin torpaq satması dayandırılıb
Azərbaycanda bələdiyyələrin mülkiyyətində olan torpaqların hərrac vasitəsi ilə satışına dair qaydalar hazırlanıb.
Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Arif Qaraşov bildirib. A. Qaraşovun sözlərinə görə, artıq qaydalar hazırdır və prezident administrasiyasına təqdim olunub: «Yaxın vaxtlarda təsdiqlənməsi gözlənilən bu qaydalarda torpaqların hərraca çıxarılması, satışı və s. bu kimi məsələlər əksini tapıb. Hazırda bələdiyyələr vasitəsi ilə torpaq satışı dayandırılıb».

Azərbaycanda təcili pul köçürmələri qadağan edildi
Azərbaycan Milli Bankı ölkə banklarına “Western Union” və “MoneyGram” pul köçürmələri sistemləri ilə əməkdaşlığı dayandırmaq barədə göstəriş verib.
Bu qərar “Western Union” və “MoneyGram”ın Dağlıq Qarabağa pul köçürülməsi ilə bağlı qanunsuz əməliyyatları davam etdirmələri ilə əlaqədardır. Milli Bank daha öncə hər iki şirkəti Dağlıq Qarabağ ərazisinə qanunsuz köçürmələri dayandırmağa çağırmışdı.

Azərbaycan neftdən çirklənən torpaqları təmizləyən yeni qurğu ixtira edib
“Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Soltan Əliyev və Azərbaycan Dövlət Neft Akademiyasının müəllimi Alımustafa Mustafayevin neftlə çirklənmiş torpaqların təmizlənməsi üçün ixtira etdikləri yeni MS-1 qurğusu sınaqdan keçirilib.
“Ekol Mühəndislik Xidmətləri” QSC-dən bildiriblər ki, qeydiyyatdan keçmək üçün qurğunun layihəsi ötən ilin dekabrında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin Patent şöbəsinə təqdim olunub və ixtira barədə qərar qəbul edilib.
Agentlik S. Əliyevə və A. Mustafayevə qurğunun ixtirasına dair müəlliflik hüququ verən patent ixtira sənədi verib.

“Lukoil” Türkiyənin “Akpet” şirkətini alıb
Türkiyənin “Akpet” yanacaq şirkəti Rusiyanın “Lukoil” şirkətinə satılıb. Belə ki,, “Lukoil” prezidenti Vahid Ələkbərov sövdələşmənin dəqiq məbləğini açıqlamayaraq 500 milyon dollardan çox vəsait ödədiklərini bildirib.
Qeyd edək ki, Türkiyənin “Aytemiz” şirkətlər qrupuna aid olan “Akpet” 11 ildir fəaliyyət göstərir və Türkiyə yanacaq bazarında 5%-lik paya sahibdir.

mənbə: apa, qaynar, lent