İlhamla İrəli

Maklayaq.info prezident seçkilərində cənab ilham heydər oğlu Əliyevi dəstəkləyir.



Azərbaycan Respublikasının Prezidentliyinə namizəd Əliyev İlham Heydər oğlunun Seçki proqramı

Əziz seçici!

Oktyabr ayının 15-də ölkəmizdə növbəti prezident seçkiləri keçiriləcəkdir. Sədri olduğum Yeni Azərbaycan Partiyası həmin seçkilərdə iştirak etmək üçün mənim namizədliyimi irəli sürmüşdür. 2003-cü ilin prezident seçkilərindən ötən beş il ölkəmizin həyatında mühüm tarixi hadisələrlə zəngin oldu, daxili və xarici siyasətdə, ictimai həyatın bütün sahələrində böyük nailiyyətlərlə yadda qaldı. Bu dövrdə ümummilli lider Heydər Əliyevin siyasi kursu uğurla davam etdirildi. Birgə səylərimiz nəticəsində davamlı sosial-iqtisadi inkişafa nail olduq. Beynəlxalq aləmdə Azərbaycanın nüfuzu daha da artdı. Ölkəmiz regionun lider dövləti olaraq, strateji məsələlərin həllində müstəqil və prinsipial mövqeyini ardıcıllıqla nümayiş etdirdi. Dünyanın aparıcı dövlətləri enerji təhlükəsizliyi siyasətinin istiqamətlərini müəyyənləşdirərkən Azərbaycanla strateji əməkdaşlığa önəm verdilər. Sosial-iqtisadi, ictimai-siyasi və humanitar sahələri əhatə edən çoxsaylı dövlət proqramları və konsepsiyaları uğurla həyata keçirildi. Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət daha da möhkəmləndi. Xalqımızın istək və arzularına söykənən siyasətin davam etdirilməsi ölkəmizin tərəqqisi yolunda geniş üfüqlər açdı. Birgə addımladığımız bu illərdə qazandığımız nailiyyətlərin hamısı xalqın Azərbaycan Prezidentinə və onun apardığı siyasətə inamı və dəstəyi sayəsində mümkün oldu. Müstəqilliyimizin ilk illərində ölkəmizi ağır böhranla və vətəndaş müharibəsi təhlükəsi ilə üzləşdirənlərin populist çıxışlarına artıq heç kim inanmır. Həmin dövrdə yalançı vətənpərvərlik şüarları ilə hakimiyyəti zəbt edənlərin Azərbaycanı uçuruma yuvarlamasını xalqımız unutmayıb. Bununla belə, indi də ölkəmizdə aparılan quruculuq işlərinə qara yaxmağa və insanları çaşdırmağa çalışanlar var. Lakin heç kim bizi öz yolumuzdan çəkindirə bilməz.


Əziz həmvətənlər!

Mənim əsas məqsədim Azərbaycanı daha müasir və zəngin ölkəyə, qüdrətli dövlətə çevirmək yolunda başladığımız işi davam etdirməkdir.

Azərbaycan Respublikasının Prezidentliyinə namizəd Əliyev İlham Heydər oğlu