Azərbaycan Almaniyadan 4500 dollara inək alır


Bu barədə «APA-ECONOMICS»ə «Aqrolizinq» ASC-nin tingçilik, toxumçuluq və damazlıq heyvandarlıq şöbəsinin müdiri Kamil Şamilov məlumat verib.

K.Şamilovun sözlərinə görə, ilk partiyada 66 baş şvis, 66 baş südlük qara-ala və Holstin-Friz və 66 baş Sim-mental cinsli inək olacaq. Artıq həmin heyvanlar 20 günlük karantində saxlanılır.

Heyvanları «Aqrolizinq» ASC-nin elan etdiyi tenderdə qalib gəlmiş Böyük Britaniyanın «Rista Alliance» şirkəti gətirir. Tenderin şərtlərinə əsasən, 300 baş Şvis cinsli, 500 baş südlük qara-ala və Holstin-Friz cinsli, 200 baş südlük Sim-mental cinsli qaramalın satın alınması nəzərdə tutulur. İddiaçı 120 gün ərzində cins qaramalı «Aqrolizinq» ASC-yə təhvil verməlidir.

K.Şamilovun sözlərinə görə, artıq fermerlər tərəfindən həmin heyvanların alınmasına dair səhmdar cəmiyyətinə xeyli sayda müraciət daxil olub. Heyvanların fermerlərə satışı zamanı fermerlərin təcrübəsi, saxlama şəraiti və s. olub-olmaması əsas götürüləcək.

İl ərzində xaricdən dövlət vəsaiti hesabına 4-5 min baş cins heyvanın alınıb ölkəyə gətirilməsi nəzərdə tutulur. Heyvanların qiymətinin 50%-i dövlət tərəfindən güzəşt olunur. Fermerlər vəsaitin digər 50%-nin yarısını əvvəlcədən, qalan hissəsini isə 3 il ərzində hissə-hissə ödəməlidir.
Almaniyadan alınmış 1 heyvanın qiyməti 3600-3800 manat (təxminən 4500 ABŞ dolları) təşkil edir.