Məşhur ayaqqablar daha da məşhurlaşdılar


Bilmirəm ayaqqabı hansı firmanın məhsuludur ancaq güclü PR edildiyi məlumdur. Hər haıda milyonlarla dollarlıq büdcə belə ayırsaydılar, məhsullarını bu qədər yaxşı reklam edə bilməyəcəkdilər. İndi isə daha maraqlı bir məslə ortaya çıxıbdır, Səudiyyəli biznesmen iraqlı jurnalistin ABŞ prezidentinə atdığı ayaqqabıların hər tayını 10 milyon dollara almaq istəyir.

Bağdadda keçirilən brifinqdə ABŞ prezidentinə atılan ayaqqabıların qiyməti artmaqdadır. APA-nın məlumatına görə, İraq milli futbol komandasının sabiq baş məşqçisi Adnan Hamad məşhur ayaqqabıları 100 min dollara almaq istədiyini bildirib. O, jurnalistin bu addımla bütün İraq xalqının Corc Buşa münasibətini ifadə etdiyini bildirib. Daha bir iraqlı biznesmen isə ABŞ prezidentinə atılan ayaqqabılar üçün istənilən məbləği ödəməyə hazır olduğunu bəyan edib. Səudiyyə Ərəbistanından olan 60 yaşlı biznesmen isə ayaqqabının hər tayına 10 milyon dollar ödəməyə hazır olduğunu söyləyib.

Hazırda 44 ölçülü ayaqqabının harada olduğu məlum deyil. Ayaqqabıların İraq təhlükəsizlik qüvvələri tərəfindən müsadirə olunduğu, yaxud da Buş administrasiyasının üzvləri tərəfindən suvenir olaraq aparıldığını güman olunur. Lakin məhkəmə əz-Zeydinin günahkar olmadığı barədə qərar çıxarsa, o ayaqqabılarını geri tələb etmək hüququna malikdir. Hazırda istintaq təcridxanasında saxlanan jurnalistin bu addımı nə üçün atdığı aydınlaşdırılır.

Ərəb dünyası ABŞ prezidentinə ayaqqabı atan “Əl-Bağdadiyyə” telekanalının jurnalistinin əməlini dəstəkləməkdə davam edir. Ərəb ənənələrinə görə, kiməsə ayaqqabı atmaq ən yüksək təhqir formasıdır. Jurnalistin qardaşı Dirhəm əz-Zeydi onun bu addımını razılıqla qarşılayıb: “Qardaşım milyonlarla iraqlının ABŞ prezidentini təhqir etmək arzusunu gerçəkləşdirib. Qardaşımı reportaj hazırlamağa gedərkən bir qayda olaraq operator qismində müşayiət etmişəm. Onun hazırladığı reportajların əksəriyyəti hərbi təcavüz nəticəsində dul qalmış analara, yetim qalmış uşaqlara həsr olunub. İraq xalqının faciəsi qardaşımın ürəyini ağrıdırdı, o hətta həmkarlarından müharibə qurbanlarına yardım göstərmək üçün kampaniya keçirməyi xahiş edirdi. Qardaşımın ABŞ prezidentinə ayaqqabı atması məni heyrətə gətirdi, amma onun hərəkəti ilə fəxr edirəm. Bu, İraq xalqının müharibəyə və illərlə davam edən ABŞ işğalına qarşı reaksiyası idi”.


Liviyanın dövlət başçısı Müəmmər Qəddafinin qızı jurnalist əz-Zeydini “Şücaətə görə” medalı ilə təltif edəcəyini bildirib. “Əl-Bağdadiyyə” telekanalının rəhbərliyi isə İraqın baş naziri Nuri əl-Malikidən jurnalisti dərhal azadlığa buraxmağı tələb edib? “Amerika İraq xalqına demokratiya və söz azadlığı vəd etmişdi, bu vədə uyğun olaraq əz-Zeydi dərhal azadlığa buraxılmalıdır”.