Barak Obama elektron poçtu olan ilk Amerika Prezidenti kimi tarixə düşdü

Blackberry
Prezident Obama Ağ Evdə elektron poçt ünvanı olan ilk Amerika Prezidenti olaca
Prezident Barak Obama Ağ Evdə elektron poçt ünvanı olan ilk Amerika Prezidenti olacaq.

Onun sözçüsü Robert Gibs jurnalistlərə bildirib ki, cənab Obama öz Bləkberri telefonundan yüksək səviyyəli işçiləri və şəxsi dostları ilə əlaqə saxlamaq üçün istifadə edəcək.

Bu, cənab Obama üçün yaxşı xəbərdir, çünki o, öz rahat Bləkberrisindən əl çəkmək istəmirdi.

Seçki kampaniyası zamanı Barak Obamanın tez-tez elektron poçtunu yoxlamaq üçün bləkberridən istifadə etdiyi müşahidə olunurdu.

BBC müxbiri Rajini Vaidyanatan Vaşinqtondan xəbər verir ki,
seçkilərdə qalib gələndən sonra bir neçə dəfə o, öz Bləkberrisindən ayrılmaq istəmədiyini söyləmişdi.

Müsahibələr zamanı o deyirdi ki, Ağ Evə daxil olandan sonra rəsmilər onun Bləkberri işlətməsini isləməsələr, gərək bu mobil aparatı onun əlindən güclə alsınlar.

"Mənim üzərində çalışacağım işlərdən biri də Prezident ətrafında mövcud olan təcridi qırmaq, sabun köpüyünü partlatmaqdır. Prezidentin də bləkberrisi ola bilər. Mən bundan Ağ Evdə ofisimdə olan 10-12 nəfərlə və dostlarımla əlaqə saxlamaq üçün istifadə edəcəyəm" - deyib cənab Obama.

Cənab Obamanın Bləkberridən istifadəyə davam etməsinə dair əsas narahatlıq təhlükəsizlik məsələsi və onun elektron poçtuna gələn məktubları başqalarının görə bilməsindən ehtiyatlanmalardır.

Prezidentin Qeydləri qanununa əsasən, Ağ Evdə "tam şəxsi" kimi təsnifatlandırılmış məktublardan savayı, bütün digər məktublar milli arxivlərdə saxlanır.

Bu narahatlıqlara baxmayaraq, Prezidentin sözçüsü Robert Gibs təsdiq edib ki, cənab Obama bləkberrini işlətməkdə davam edəcək.

Prezidentin Bləkberrisi var və razılığa əsasən, o bu aparatdan yüksək səviyyəli işçi heyəti və bəzi şəxsi dostları ilə əlaqə saxlamaq üçün istifadə edəcək.

Bu əlaqələr məhdud və gücləndirilmiş təhlükəsizlik altında olacaq.

Bununla belə Prezident effektiv şəkildə kommunikasiya edə biləcək.

Corc Buş Ağ Evə ilk dəfə gələndə öz elektron poçtundan istifadəyə son qoymuşdu.

Beləliklə, elektron poçtundan istifadə edəcək ilk Prezident kimi Barak Obama daha bir tarix yaradır.