«Fiat» və «Peugeot» avtomobil şirkətləri birləşə bilər

İtaliyanın «Fiat» avtomobil şirkətinin əsas səhmdarlarından olan Anyelli ailəsi Fransanın «Peugeot» şirkətinin «Fiat»la birləşməsinə 2 mlrd. avro ayırmağa hazırdır. 
«
APA-ECONOMICS»in məlumatına görə, Anyelli ailəsi «Fiat»da 30% paya malikdir. Bu məsələ ilə bağlı «Fiat» İtaliyanın «Unicredit» və «Intesa» bankları ilə danışıqlar aparır və ümumilikdə 5 mlrd. avro həcmində kredit almaq niyyətindədir. 
«Peugeot» isə öz növbəsində maliyyə baxımından heç də pis görünmür. Belə ki, yaxın gələcəkdə şirkət Fransa hökumətindən 5,6 mlrd. ABŞ dolları həcmində maliyyə yardımı alacaq.
Qeyd edək ki, ötən il ərzində «Fait» şirkətinin xalis mənfəəti 16,2% azalaraq 1,72 mlrd. avro təşkil edib. Şirkətin 2007-ci ildə xalis mənfəəti 2,05 mlrd. avroya bərabər olub. Hazırda şirkət «Fiat», «Lancia» və «Alfa Romeo» minik avtomobilləri, habelə «CNH» traktor və kombaynları istehsal edir.
Xatırladaq ki, bir neçə gün öncə «Fiat» ABŞ-ın «Chrysler» şirkətindən bir dollar belə ödəmədən 35% səhm alıb. «Chrysler» isə öz növbəsində «Fiat»ın texnologiyalarından istifadə edə biləcək. Bundan başqa, «Chrysler» şirkəti dünya üzrə «Fiat»ın diler şəbəkəsindən də yararlanmaq imkanı əldə edib.