Xəlilov “Bakıteleqraf”ı alıb

İsgəndər Xəlilov “Bakıteleqraf”ı alıb ASC-nin şəhərin mərkəzində yerləşən binası sökülüb yerində biznes mərkəzi tikiləcək

"Bakı Teleqrafı" ASC-nin Bakı şəhəri, Zərifə Əliyeva (keçmiş Azərbaycan) prospektindəki inzibati binası yaxın vaxtlarda söküləcək. Bu barədə «səhm.az»-a məlumatlı mənbə xəbər verib.
Məlumatda o da bildirilir ki, mövcud binanın yerində çoxmərtəbəli biznes mərkəzi tikiləcək.
Qeyd edək ki, hazırda ASC-nin 9-mərtəbəli inzibati binasında yerləşmiş təsərrüfat subyektləri (UlTel, Cen Telecom, EMS, Mərkəzi poçt və s.) müxtəlif ünvanlara köçürülüb. Teleqraf xidməti “Azərpoçt” Dövlət Müəssisəsinin inzibati binasının 6-cı mərtəbəsinə sığınıb.

Məlumat üçün onu da bildirək ki, "Bakı Teleqrafı" ASC-nin 89,8% səhmi (884,5 min ədəd) 2006-cı ilin yayında Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin (DƏİEDK) keçirdiyi investisiya müsabiqəsinin nəticələrinə əsasən, \"Polton Vencars LTD" şirkətinə (Böyük Britaniya) satılıb və tərəflər arasında alqı-satqısına dair müqavilə bağlayıb. Müqavilə ilə şirkət 4 il ərzində ASC-ə 4 mln. dollar sərmayə yatırmağı öhdəsinə götürüb. Sərmayələr, əsasən, müasir rabitə avadanlıqlarının satınalınması və quraşdırılmasına yönəldiləcək.

Xəbərlə bağlı İnformasiya və Texnologiya Nazirliyinin mətubat xidmətilə əlaqə saxladıq. Qurumdan həmin müəssisənin onların balansında olmadığını, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə müraciət etməyimizi söylədi. Komitəsi həmin obyektin özəl olduğunu əsas gətirərək, bu barədə məlumat vermək istəmədilər.

Xatırladaq ki, qeyri-rəsmi məlumatlara görə, ”Polton Vencars LTD" şirkəti iş adamı İsgəndər Xəlilova məxsusdur. İ. Xəlilovun “İSR Holding” sirkətlər qrupuna daxil olan “İSR Kapital Menecment” MMC Bakı Teleqrafı ilə üzbəüz yerləşən “Azərbaycan Mehmanxanası” ASC-nin yerində “Hilton Bakı” otelinin tikintisinə başlayıb.