“AzEuroTel”in hesablarına həbs!


“Aztelekom” İstehsalat Birliyinə olan borcunu ödəmədiyi üçün 1 saylı Yerli İqtisad Məhkəməsi “AzEuroTel” Azərbaycan-Britaniya Birgə Müəssisəsinin bank hesablarına həbs qoyub.

Bu barədə APA-ya “Aztelekom”dan məlumat verilib. Bank hesablarına qoyulmuş həbs “AzEuroTel” borcu ödəyənə qədər qüvvədə qalacaq. Bu müəssisənin “Aztelekom”a 2007-2009-cu illər üçün 1 milyon manatdan çox borcu var. Məhkəmənin dünən verdiyi qərarında həm də “AzEuroTel”in qanunsuz beynəlxalq trafik gətirməsinə qadağa qoyulub. “AzEuroTel” beynəlxalq giriş-çıxış rabitəsi üçün yalnız “Aztelekom”un kanalları üzərindən beynəlxalq trafik gətirə bilər.

1 saylı Yerli İqtisad Məhkəməsinin digər qərarına əsasən, 492/497/437 saylı ATS-lərin abunəçilərinə rabitə xidmətlərinin göstərilməsi davam edəcək. Hazırda “AzEuroTel”in öz lisenziyasına uyğun olaraq, fəaliyyət göstərməsinə heç bir məhdudiyyət qoyulmayıb.

“AzEuroTel”dən isə APA-ya bildiriblər ki, məsələ ilə bağlı əlavə açıqlama veriləcək.

Qeyd edək ki, “Aztelekom” ona olan borcunun ödənilməsi üçün “AzEuroTel”ə fevralın 24-ü saat 12.00-a qədər vaxt vermişdi. Həmin müddətədək “AzEuroTel” borcu ödəməzdisə, onun operatoru olduğu 492/497/437 saylı ATS-lərində bu gün saat 12.00-dan “Aztelekom” tərəfindən rabitə xidmətlərin göstərilməsi dayandırılacaqdı.