Çoxlarının eşitdiyi "QuestNet"

dələduzluq yoxsa, network marketinq?

Şirkətin Bakıya gələn məsul nümayəndəsi Hanifi İsgörən qanuni fəaliyyət göstərdiklərini deyir..

...Şəkinin Orta Zəyzid kəndində şəxsi təsərüffatla məşğul olan Nərgiz Həziyeva bir müddət öncə qısa zamanda varlanmaq fikrinə düşür. Onu bu fikrə "QuestNet" şirkəti tərəfindən edilən təklif vadar edib. Nərgiz xalaya təklif olunub ki, 500-600 manatlıq məhsul alacaq, sonra həmin məhsulu internet vasitəsilə 2 yaxın səxsə reklam edib, onları da bu işə cəlb edəcək. Bunun müqabilində ona kompaniya tərəfindən hər ay 250 dollar mükafat veriləcək. Şəbəkə inkişaf etdikcə gəliri 3000 dollara qədər artacaq. Buna görə də, Nərgiz xala heyvanlarını ucuz qiymətə satıb şirkətin təklif etdiyi məhsullardan birini -biodisk alır. Amma Nərgiz Həziyevanı bu arzusuna çatmağa Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat mane olur...

DİN yaydığı məlumata görə, İdarə əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq yolu ilə vətəndaşları aldadıb onların milyonlarla manat pulunu ələ keçirmiş transmilli mütəşəkkil cinayətkar dəstə zərərsizləşdiriblər. Məlumatda deyilir ki, Bakının və ölkənin ayrı-ayrı rayonlarında fəaliyyət göstərən «QuestNet» adı altında fəaliyyət göstərən cinayətkar şəbəkə, işə götürəcəkləri barədə yalan vədlər verməklə, əsasən gəncləri zərgərlik məmulatlarının satışına cəlb edib. Dəstə üzvləri on minlərlə vətəndaşa çəkisi üç qramadək olan qızıl məmulatlarını həqiqi dəyərindən on dəfə baha qiymətə, 800-1500 ABŞ dollarına sataraq külli miqdarda qazanc götürüblər. Şirkətin dörd əməkdaşı Valeh Ağayev, Arif Babayev, Yalçın Səmədov, Bəhrəm Bəhrəmli barəsində üç aylıq həbs-qətiimkan tədbiri seçilib, 6 nəfər Zaur Babayev, Natiq Şiriyev, Amil Şirinov, Vüqar Məmmədov, Yaşar Ağayev və Elşad Əliyev şübhəli şəxs qismində saxlanılıb.
Məsələyə aydınlıq gətirmək üçün Bakıya gələn “QuestNet” şirkətin Orta Asiya və Türkiyə üzrə məsul nümayəndəsi Hanifi İsgörən isə ANS PRESS-ə açıqlamasında bildirib ki, şirkətin mərkəzi ofisi Çinin Honq-Konq şəhərində yerləşir. Onun sözlərinə görə, 160-dan çox ölkədə fəaliyyət göstərən şirkət 1998-ci ildə fəaliyyətə başlayıb, Türkiyə və Orta Asiya ölkələrində fəaliyyət göstərir.
H. İsgörənin sözlərinə görə, “QuestNet” şirkəti Azərbaycanda 2008-ci ilin oktyabr ayından fəaliyyətə başlayıb. Şirkətin gələcək fəaliyyətində problem yaranmaması üçün icazə alındığını deyən H. İsgörən işin qanunauyğun şəkildə qurulduğunu deyir: “Ancaq bizim buradakı əməkdaşlarımıza hazırda böyük işgəncə verilir. Ayrı-ayrı ölkələrdən, o cümlədən Avropadan beş mindən artıq əməkdaşımız buraya gələrək təhsil və görüşlər keçirmək istəyirdilər. Onlar artıq həbs qorxusundan bura gəlməkdən imtina ediblər. Azərbaycanda baş verən həbslər həm ölkənizə, həm də şirkətimizə qarşı pis təsir yaradıb”. QuestNet” şirkətin rəsmisi Azərbaycanda 50-dən artıq digər belə network şirkətlərinin fəaliyyət göstərdiyini də vurğulayıb.

“QuestNet” şirkətin Azərbaycandakı hüquqi nümayəndəsi Natiq Abdullayev isə ANSPRESS-ə bildirib ki, şirkət əməkdaşları 4 nəfərin şikayət ərizəsi əsasında həbs olunub. Onun sözlərinə görə, şirkət tərəfindən alıcılara çatdırılacaq 850-900 ədəd mal istintaq orqanı tərəfindən götürülüb: “Hazırda həmin mallara görə, narazıçılıqlar yaranıb, çünki mallar faktiki olaraq vətəndaşlara çatdırılmayıb”. N. Abdullayev şirkət əməkdaşlarının tutulmasının düzgün olmadığını bildirib: ““QuestNet” marketinqdir və 10 may 2005-ci ildə qəbul edilmiş “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının qanununa uyğun fəaliyyət göstərir. Burada heç bir vətəndaşın aldadılmasından söhbət gedə bilməz. Hazırda şirkətin nümayəndələri buradadır, bir qrup nümayəndə də gəlməyə hazırlaşır. Honkonqdan gələcək şəxslər bildirirlər ki, insanlar narahat olmasınlar, biz öz sözümüzün sahibiyik, mal verməliyik, malı da verəcəyik”.
N. Abdullayevin sözlərinə görə, dünyada tanınmış biznes model olan network marketinq- internet mağazadır. "Bura insanlar daxil olaraq kod vasitəsilə istədikləri malı seçir və alırlar. Mal alanan dəqiqədə isə onlara faktura verilir, 20 gün ərzində onların malları poçt vasitəsilə Azərbaycana daxil olur. Poçt xidməti isə sığortalanıb, indiyədək şirkətdən mal alan alıcılardan narazı qalan olan olmayıb". Şirkət nümayəndəsinin sözlərinə görə, malların hamısı əmtəə markasıdır. Bu məhsullar Almaniyanın 1871-ci ildən fəaliyyət göstərən məşhur «Mayer mint» şirkətinin mallarıdır ki, bunun da qiyməti DİN-in iddia etdiyi kimi 5-96 dollar arası ola bilməz. "Mallar real dəyərlərinə satılır. Burada ticarət agenti tərəfindən onun üzərinə hər hansı vəsait qoyulmur. Sadəcə, çatdırılma ilə əlaqədar xidmət xərcləri qoyulur. Almaniyanın «Mayer mint» şirkəti 2000-ci ildən “QuesNet”lə əməkdaşlıq edir və mallarını "QuesNet" vasitəsilə internet üzərindən satışını təşkil edir. Satışa çıxarılan əşyalar dünyada məşhur olan insanların medalyonlarıdır. Misal üçün, Roma Papası, Con Kennedi və yaxud da ki, Məkkə, Kəbənin medalyonlarıdır, saatlar, biodisklər və sair".

Şirkət nümayədəsi bildirir ki, "QuestNet" firması malları internet vasitəsilə satdırmaqla bəzi qənaətlər edir, əlavə mağaza açmır, icarə haqqı vermir. Bu da onun qazancıdır. Əgər alıcılar özləri iki nəfər əlavə adam da cəlb edib malları satırlarsa, “QuesNet” tərəfindən həmin şəxsə kommisyon mükafat verilir. Hər alıcı nə qədər çox müştəri cəlb etsə, bir o qədər çox komisyon mükafat əldə edir.

İqtisadçı ekspert Rövşən Ağayev isə ANS PRESS-ə bildirib ki, elektron ticarət qanunla qadağan olunmur, sadəcə əsas məsələ satılan mala görə dövlət vergisinin ödənilməsidir. Azərbaycanda elektron ticarətin geniş yayılmadığını deyən R. Ağayev bu biznesin Azərbaycandakı payının 2-3 faiz təşkil etdiyini qeyd edib.

Anar Məmmədov/ANSPRESS/