Beynəlxalq gizli iqtisadiyyat

Hələ natural təsərrüfatın dağıldığı vaxtlardan iqtisadi əlaqələrin ilkin yaranma mərhələsində istehsalla məşğul olan orta və iri feodallar onlardan tutulan “Torpaqbasdı” (gömrük) haqlarının çoxluğunu görüb bu vergilərdən yayınmaq üçün müxtəlif yollar axtarmağa başlayıblar. Gömrük rüsumlarının qeydiyyata alınması ilə məşğul olan mirzələr hakim dairələrə (şərqdə- xan, şah, sultan; qərbdə- kral) daha çox ticarət şəbəkəsi yaradaraq yüksək gəlir əldə etmiş feodallar barədə məlumat verir, hakim dairələr də öz növbəsində, bu feodallardan o dövrün ən ağır vergisi sayılan “qalxan pulu” tuturdu. Vergilərin ağırlığını görüb onları verməkdən boyun qaçırmaq üçün gizli istehsala başlayan feodallar gizli iqtisadi sazişlər bağlamaqla yüksək mənfəət əldə etməyə başladılar. Beləliklə, gizli iqtisadiyyatın ilk rüşeymləri meydana gəldi.

Zaman keçdikcə iqtisadi əlaqələr genişlənir, əsarət altına alınmış dövlətin hakim dairələri tabe olduqları dövlətə “qalxan pulu” verməmək üçün ticarət mübadiləsi apardığı digər dövlətlə gizli sazişlərə girmək məcburiyyəti qarşısında qalırdılar. Beləliklə, beynəlxalq gizli iqtisadiyyat yaranmağa başladı.
Məncə, beynəlxalq gizli iqtisadiyyatın yaranma növlərinin və səbəblərinin tarixi misallarla şərhi oxucular üçün daha maraqlı olar:

1. Rəqibə gizli iqtisadi zərbə vurmaq üçün dövlət xətti ilə aparılan beynəlxalq gizli iqtisadiyyat
1775-1783-cü illər Amerikada İstiqlal müharibəsi zamanı qəribə bir iqtisadi “oyun” baş verdi. Yun parça istehsalı ilə məşhurlaşan İngiltərə Amerika fermerlərini müflis etmək məqsədi ilə böyük bir iqtisadi tələ qurdu. İngiltərə hakim dairələri “Qərbə səyahət” (West travel) və “Şərq (Ost) kimi nəhəng şirkətlərin əli ilə Amerika fermerlərinə güya gizli yolla pambıq və tütün məmulatlarının satışını təşkil etdi. Qeyd etdiyimiz kimi, İngiltərə yun parça istehsalı üzrə dünyada birinci yerdə gedirdi. Pambıq parça istehsalı yun parçaya nisbətən baha başa gəlirdi və buna görə Amerika fermerlərinin uğur qazanmaq üçün heç bir şansı yox idi. Tütün istehsalına isə İspaniyanın müstəmləkəsi olan Kolumbiya başçılıq edirdi və bu sahədə müvəffəqiyyət qazanmaq mümkün deyildi.
İngiltərə məxfi orqanları adı indi də açıqlanmayan “Qərbə səyahət” şirkətinin məsul şəxsinə bu iqtisadi sazişlə bağlı yalnız bir göstəriş verdilər: Hər necə olursa-olsun Amerika fermerlərinə daha çox xam tütün və pambıq satmaq. Adı açıqlanmayan məsul şəxs bu işin öhdəsindən bacarıqla gəlmiş və Amerika fermerlərinə dünya bazarındakı qiymətlərdən daha ucuz qiymətə tonlarla xam pambıq və tütün satmışdı.
1783-cü ildə yalnız müharibə qurtarandan sonra İngiltərənin məxfi orqanlarının əlinə Corc Vaşinqtonun xam tütün və pambıqdan yüksək keyfiyyətli barıt alınması üçün Amerika fermerlərinə İngiltərədən xam tütün və pambıq idxalına icazə verən sənədin keçməsi “Qərbə səyahət” şirkətinin məsul şəxsinin ürək tutmasından vəfatı ilə nəticələndi. Çünki, bu şəxsin iki oğlu York-taun yaxınlığında gedən döyüşlərdə həlak olmuşdu və düşmənə satdığı pambıqdan hazırlanmış barıtla oğullarının həlak olmasına dözməyən həmin şəxs özünü heç cür bağışlaya bilmirdi.

2. Yalnız siyasi məqsədlər üçün dövlət tərəfindən aparılan beynəlxalq gizli iqtisadiyyat.
Donanmasının İngiltərə donanması tərəfindən darmadağın edilməsini görən Napaleon, İngiltərəni sarsıtmaq üçün 1806-cı ildə istila etdiyi Avstrya və Prussiya ilə “Kontinentar Blokada” haqqında dekret imzaladı. 1807-ci ildə Tilzitdə imzalanan sülh müqaviləsi ilə Rusiya da bu ittifaqa qatılmağa məcbur oldu. Lakin Napaleonun güclü rəqiblərindən biri olan İngiltərənin iqtisadi cəhətdən zəifləməsi əsarət altına salınmış dövlətlərin siyasi maraqlarına cavab vermədiyinə görə, bu dövlətlər pərakəndə şəkildə İngiltərə ilə beynəlxalq gizli iqtisadiyyat yaratmağa başladılar. Qısa zaman kəsiyində İngiltərəyə gizli dəniz yolları ilə xammal göndərilməsi üçün fəaliyyət göstərən şirkətlər dövlət tərəfindən istiqamətləndirilməyə başladı. İngiltərəyə xammal satışı ilə qazanc götürən Rusiya, Prusiya və Avstryanın iş adamları bu ticarəti hətta Napaleon məğlub edildikdən sonra da davam etdirdilər. Nəticə isə İngiltərə üçün çox acınacaqlı oldu. Belə ki, ucuz xammal axını istehlakdan dəfələrlə artıq istehsalla nəticələndi və 1825-ci ildə İngiltərədə dünyada ilk iqtisadi böhran baş verdi.

3. Şəxsi mənafe üçün birbaşa qurulmuş beynəlxalq gizli iqtisadi əlaqələr.
I Dünya Müharibəsi zamanı İngiltərəyə desant çıxarmağa qorxan Almaniya, hərbi dəniz qüvvələrinin köməyi ilə İngiltərənin beynəlxalq ticarət əlaqələrini kəsməyə çalışırdı. Bu məqsədlə hərb tarixində ilk dəfə 1915-ci ildə sualtı qayıqlardan geniş istifadə olunmağa başlandı. İngiltərə limanlarına yaxınlaşan istənilən ticarət gəmisi alman sualtı qayıqları tərəfindən dərhal batırılırdı. Nəticədə İngiltərənin bir sıra tanınmış şirkətləri Almaniyaya müttəfiq olan Avstriya-Macarıstanın hakim dairələrinin iştirakı ilə Almaniyadan İngiltərə limanlarından yalnız sərnişin daşınması üçün icazə ala bildilər. Bu şirkətlərin gəmiləri üçün xüsusi marşurut xətti ayrıldı və alman donanmasına sərnişin daşıyacaq Avstriya-Macarıstan bayrağı ilə hərəkət edən gəmiləri batırmamaq tapşırığı verildi. 1917-ci ildə təsadüf nəticəsində sərnişin gəmilərinin altına bağlanmış sisternlərdə neft və neft məhsullarının İngiltərəyə daşınması üzə çıxdı və bu, Almaniya və Avstriya-Macarıstan əlaqələrinə ciddi təsir göstərdi. Son nəticədə gizli daşınma aparan şirkətlərin bir neçə gəmisi sərnişinlərlə birlikdə batırıldı və bu şirkətlərə külli miqdarda ziyan dəydi.

4. Üçbucaq sövdələşmə.
Müharibə aparan iki dövlətin vətəndaşları şəxsi gəlir əldə etmək məqsədi ilə bir-biriləri ilə digər dövlətin vətəndaşlarının əlaqələndirici rolundan istifadə edərək iqtisadi əlaqə qururlar. Ermənistan Respublikasının Azərbaycan dövlətinə qarşı apardığı elan olunmamış müharibə zamanı bəzi “işbaz”larımız düşmən dövlətin vətəndaşları ilə iqtisadi əlaqələr quraraq Gürcüstan və İran dövlətinin vətəndaşları vasıtəsi ilə mal alqı-satqı prosesini həyata keçirirdilər. Burada əsas məqsəd yaranmış siyasi gərginlikdən istifadə edərək maksimum gəlir əldə etməkdir. Bu dövrün belə cılız iqtisadi əlaqələrini yaradan yaramazların psixologiyasını şərh edən məşhur yazıçımız Çingiz Abdullayev öz əsərlərində belə qeyd edir: “Öz dostunu sat, nə qədər ki, dostun səni düşməninə satmayıb. Öz vicdanını sat, nə qədər ki, onun dəyəri aşağı düşməyib”. Bu iqtisadi əlaqələri quran “işbaz”ların axırı hamıya bəllidir: siyasi sabitlik və əminamanlıq bərpa olunduqdan sonra biabırcasına ifşa!
Göründüyü kimi, istənilən beynəlxalq gizli iqtisadiyyat onu qurmağa çalışanlar üçün son mərhələdə pis nəticələnir. Lakin daha çox mənfəət əldə etmək üçün qeyri-qanuni yolların seçilməsi hələ də davam etməkdədir.

Marketinq jurnalı
Xalid Qasımov
İxlas-F konsaltinq
şirkətinin əməkdaşı