AZFINANSBANK - Azərbaycanda yeni bank





«Azfinansbank» Səhmdar Kommersiya Bankı Müşahidə Şurasının sədri Xəyal Məmmədxanlının «APA-ECONOMICS»ə eksklüziv müsahibəsi

- Bankın yaxın perspektiv üçün planları nədən ibarətdir?

- «Azfinansbank» Səhmdar Kommersiya Bankı dövlət qeydiyyatından 2008-ci ilin iyul ayında keçib, bank fəaliyyəti ilə bağlı lisenziyanı isə Azərbaycan Milli Bankından həmin ilin noyabrın 28-də alıb. Artıq bu həftənin əvvəlindən rəsmən fəaliyyətə, hüquqi və fiziki şəxslərlə bank xidmətləri göstərməyə başlamışıq. Hazırda bankın bir filialı mövcuddur ki, o da baş ofisin nəzdində fəaliyyət göstərir. Yaxın üç ay ərzində bankın Bakı şəhərinin mərkəzində və Mərdəkanda filiallarının açılması planlaşdırılır. Hazırda həmin filialların yerləşəcəyi binalarda təmir-tikinti işləri aparılır. Paytaxtda yerləşəcək filial müştərilərə 24 saat ərzində kredit və depozit əməliyyatları, hesablaşma kassa-hesabı, sürətli beynəlxalq pul köçürmələri və s. üzrə xidmət göstərəcək. Bu filiallar vasitəsilə biz Azərbaycan bazarı üçün yeni bank xidmətləri təqdim edəcəyik. Ümumiyyətlə, strateji plana uyğun olaraq, 2009-cu il ərzində 5, 2010-cu ildə isə 10 filialın açılması nəzərdə tutulur.

- Bankın beynəlxalq pulköçürmə sistemlərinə üzvlük planları ilə bağlı məlumat almaq istərdik.

- «Azfinansbank» bu il ərzində bir çox effektiv pulköçürmə sistemlərinə qoşulmağı planlaşdırır. Biz bütün dünyanı, o cümlədən soydaşlarımızın daha çox məskunlaşdığı ölkələri əhatə edən sistemlərə qoşulacağıq. Artıq bankın SWIFT sisteminə qoşulması istiqamətində müvafiq işlər görülür. Növbəti ayın sonuna kimi bu prosesin başa çatdırılması və sistemin müştərilərin istifadəsinə verilməsi planlaşdırılır.

- Bu il bank bankomat və POS-terminalların quraşdırılması istiqamətində hansı işlər görmək niyyətindədir?

- Qeyd etməliyəm ki, artıq Azərbaycana 5 bankomat gətirmişik, bunlar da növbəti 2-3 ay ərzində paytaxtda fəaliyyət göstərən ticarət və biznes mərkəzlərində quraşdırılacaq. Ümumiyyətlə, bu ilin sonuna kimi respublika ərazisində 10 bankomat quraşdırmağı planlaşdırırıq. Bundan başqa, filiallarda bankomatlarla yanaşı elektron mübadilə məntəqəsi, o cümlədən filiallarda avtomat depozit qutuları yerləşdiriləcək. Bütün bunlar Azərbaycan üçün yeni bank texnologiyaları hesab olunur.
POS-terminallara gəldikdə isə, bu ilin sonunadək bank tərəfindən 50 POS-terminal quraşdırılacaq. Cari ilin ortalarınadək «Azfinansbank»ın bir çox ticarət və biznes mərkəzlərində POS-terminallarının quraşdırılması nəzərdə tutulub.

- Yaxın illər üçün Bankın inkişaf strategiyası hazırlanıbmı?

- Hər bir bank fəaliyyətə başladığı andan onun strateji planı da hazırlanır. «Azfinansbank»ın strateji planı 2008-2018-ci illər üçün hazırlanıb. Bu strateji plan təbii olaraq dəyişə də bilər. Lakin özü-özlüyündə, mövcud vəziyyətdə 10 illik strateji planın hazırlanması olduqca cürətli bir işdir. Bu plan əslində bankın real proqnozları deyil, sadəcə inkişaf strategiyası hesab olunur. Bankın planları da bu strategiyaya uyğun olaraq mərhələlərlə həyata keçiriləcək. Burada əsas məqsədimiz «Azfinansbank»ı respublikanın aparıcı bank təşkilatına çevirmək, bank innovasiyalarını tətbiq etmək və bank məhsullarının çeşidini digər banklarla müqayisədə daha geniş və zəngin etməkdir. Artıq yaxın vaxtlarda İnternet-bankçılığı tətbiq etmək niyyətindəyik.

- Əmanətlərin cəlb edilməsi və kreditlərin yerləşdirilməsi sahəsində hansı proqramların həyata keçirilməsi planlaşdırılır?

- Qeyd edim ki, artıq mart ayından etibarən bank tərəfindən müəyyən kredit məhsullarının hazırlanmasına başlanılacaq. Artıq bankın müvafiq departamentləri tərəfindən rəqabətə davamlı bir sıra depozit məhsulları hazırlanıb və tezliklə müştərilərə təqdim ediləcək. Bununla da paralel kredit portfelinin formalaşmasına başlanılacaq. Məhz bu səbəbdən bizim əsas işlərimizdən biri əmanətlərin qəbulu ilə bağlı olacaq.

- Daxili və xarici qiymətli kağızlar bazarında hansı formada iştirak etməyi planlaşdırırsınız?

- Planlarımıza əsasən, nizamnamə kapitalının müəyyən hissəsi dövlət qiymətli kağızlarının alınmasına yönəldiləcək. Həmçinin, müəyyən digər sabit və gəlirli qiymətli kağızların alınması və fond bazarlarında ümumi iştirakla bağlı konkret qərarlar veriləcək. Lakin hazırda maliyyə böhranı ilə əlaqədar hər hansı bir qərarı qəbul edərkən xeyli düşünməli oluruq. Dünyada likvidlik problemi yaranıb, istər əmlak, istərsə də qiymətli kağızlar və yaxud aktivlərin real bir zaman müddətində pula çevrilməsi ilə bağlı problemlər var. Bu səbəbdən, həyata keçirəcəyimiz bütün işləri zaman göstərəcək.

- İpoteka kreditləri, lizinq əməliyyatları və digər sahələrdə iş qurmaq fikriniz varmı?

- Yaxın gələcəkdə «Azfinansbank»ın öz ipoteka proqramının icrasına başlaması nəzərdə tutulur. Amma bu proqramın qısa müddətdə deyil, uzun müddətdə həyata keçirilməsi planlaşdırılır. Həmçinin, müxtəlif inşaat layihələrinin maliyyələşdirilməsi, həmin inşaat paketlərini alaraq sonradan paketləri bankın ipoteka xətləri ilə reallaşdırılması ilə bağlı planlarımız var. Hazırda həmin layihələrin kredit və yaxud lizinq yolu ilə maliyyələşdirilməsi yolları araşdırılır. Qeyd edim ki, gələcəkdə bizim bank tərəfindən müəyyən lizinq şirkətlərinə fərqli təkliflərimiz olacaq. Bu təkliflərlə yanaşı bankın özünün də lizinq məhsulları hazırlanacaq.