Ədalətsiz rəqabət

Azərbaycan avtomobil bazarında “General Motors” Korporasiyasının rəsmi dilerinin “Performance Center” şirkətinin olmasını çoxları yaxşı bilir. Amma 2008-ci ilin yanvar ayından avtomobil bazarında fəaliyyətə başlamış “LUXURY MOTORS OF USA” şirkəti də “General Motors” şirkətinin Azərbaycanda rəsmi dileri olduğunu bəyan edir. Şirkət “General Motors”un Hummer, Cadillac, Chevrolet, GMC və Buick brendlərinin satışını həyata keçirir.

İndi alıcılar çaşqınlıq içindədir. Rəsmi dilerdən avtomobil almaq istəyən alıcı öyrənmək istəyir ki, “General Motors” Korparasiyasının Azərbaycanda rəsmi dileri kimdir. Çaşqınlığa aydınlıq gətirmək üçün hər iki şirkətə müraciət etdik. “LUXURY MOTORS OF USA” şirkətindən bildirdilər ki, təmsil etdikləri kompaniya “General Motors” Korparasiyasının Azərbaycanda rəsmi nümayəndəsidir. Amma çox təəssüf ki, adıçəkilən şirkətdən heç kim bizimlə görüşüb söhbətləşmək istəmədi. Bunun əsas səbəbi kimi şirkətin rəhbərinin əcnəbi olması və Azərbaycanda yaşamaması ilə əlaqələndirildi.

“Performance Center” şirkətinin satış və müqavilələr üzrə meneceri İlham ...... bildirdi ki, şirkət 1 sentyabr 1997-ci il tarixində “General Motors Overseas Corporation” ilə bağladığı müqaviləyə əsasən, Chevrolet və Cadillac avtomobillərinin Azərbaycanda rəsmi dileridir. 13 avqust 2008-ci il tarixli müqavilə ilə isə Hummer avtomobillərinin Azərbaycanda rəsmi dileri statusunu əldə edib.

Bundan əlavə, 2004-cü ilin may ayında Rusiya Federasiyasının Talyatti şəhərində “General Motors” “Avtovaz” və “Performance Center” şirkətləri arasında Rusiya istehsalı olan Chevrolet Niva avtomobillərinin Azərbaycan ərazisində satışı və servisi üçün diler müqaviləsi də imzalamışdır. Həmçinin “Performance Center” 13 fevral 2006-cı il tarixində Koreya istehsalı olan avtomobillərin satışı məqsədilə “Chevrolet Southeast Europe Ltd” şirkəti ilə diler müqaviləsi imzalamışdır.

Şirkətin əməkdaşı bizi müqavilələrlə əyani şəkildə tanış etdi. O həmçinin bildirdi ki, vətəndaşlar avtomobilləri rəsmi dilerlədən alsınlar. Bazarda rəsmi dilerin hansı şirkət olması ilə yaranmış çaşqınlıq uzun illərdir ki, “General Motors” markalarının Azərbaycanda inkişafına böyük zəhmət çəkmiş “Performance Center” şirkətinə qarşı ədalətsizlikdir. Yeri gəlmişkən, “Performance Center” şirkəti Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının üzvüdür.

Təxminən bir həftə öncə keçirilən Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının konfransında da “General Motors”un təmsilçisi kimi məhz “Performance Center” şirkəti iştirak edib. Məsələyə Assosiasiyasının rəhbəri Natiq Zərbəliyev də aydınlıq gətirdi. O bildirdi ki, “General Motors”un Rumıniya, Bolqarıstan eləcə də yeni bazarlar üzrə marketinq direktoru Aleksandr Moinov “General Motors”un Azərbaycanda yalnız bir rəsmi dileri olduğunu təsdiqləyib və bu “Performance Center” şirkətidir.

“Luxury Motors of USA” şirkəti isə Amerikanın diler şirkətindən subdilerlik alıb və Azərbaycanda özlərini distributor, diler və idxalçı adlandıra bilməzlər. Hazırda onlar reklam siyasətində istehlakçını yanıldırlar və reklam etikasını pozurlar.

Ola bilər ki, şirkət öz hesabına avtomobillərə zəmanət verir, amma hələlik General Motors-un Azərbaycanda bir rəsmi dileri var – “Performance Center” şirkəti. Bu bizim rəsmi aldığımız məlumatdır. Əgər “Luxury Motors of USA” şirkəti yanvar və fevral aylarında rəsmi dilerlik alıbsa bu barədə müqavilə olmalıdır və biz o müqaviləni görməmişik”.
Bir mətbu orqan olaraq biz faktları sizə təqdim etdik. Nəticəni isə sizin ixtiyarınıza buraxırıq, əziz oxucu....

“Ceneral Motors” Korporasiyası dünyada ən böyük avtomobil istehsalçılarından biridir. 1908-ci ildə əsası qoyulan korporasiya bu gün 34 ölkədə minik və yük avtomobilləri istehsal edir. Baş ofisi ABŞ-ın Detroyt şəhərində yerləşir. GM-də dünyanın 140 ölkəsində istehsal, satış və servis xidmətlərində 252 000 insan çalışır. Korporasiya 2008-ci ildə 8.35 milyon minik və yük avtomobili satıb.

Buick, Cadillac, Chevrolet, GMC, GM Daewoo, Holden, Hummer, Opel, Pontiac, Saab, Saturn, Vauxhall və Wuling General Motorsun brendləridir. Korporasiyanın ən böyük bazarı ABŞ, Çin, Braziliya, Birləşmiş Krallıq, Kanada, Rusiya və Almaniyadır. “General Motors” Korporasiyası beynəlxalq aləmdə “Daewoo Auto & Technology Co”, “Suzuki Motor Corp”, “Isuzu Motors Ltd”, “Chrysler LLC”, “Daimler AG”, “BMW AG”, “Toyota Motor Corp”, “Shanghai Automotive Industry Corp”, “AVTOVAZ” və “Renault SA” şirkətləri ilə sıx əməkdaşlıq edir.

avtomobil.az