"Dilimiz - ruhumuz, mənəvi dünyamız"



Mədəniyyət qəzetində yayımlanmış məqalə:


Doğma Azərbaycan dili bizim ən qiymətli milli sərvətimizdir. Bəs bu dilin təşəkkül tarixi nə vaxtdan başlayır? Dilimizə dövlət qayğısı necə qurulub? Ədəbi dil normalarına düzgün əməl olunurmu? AMEA Dilçilik İnstitutunun, dilçilərimizin qarşısında hansı vəzifələr durur?

Ana dilimizlə bağlı bu və ya digər suallara aydınlıq gətirmək məqsədi ilə AMEA Dilçilik İnstitutu direktorunun elmi işlər üzrə müavini, Dövlət Dil Komissiyasının üzvü, filologiya elmləri doktoru, professor Məsud Mahmudovla həmsöhbət olduq. -

Məsud müəllim, xahiş edirik ki, əvvəlcə, Azərbaycan dilinə və əlifbasına dövlət qayğısı barədə qısa məlumat verəsiniz.

- Xalqımızın ulu babalardan miras qalan dilimizi - ən qiymətli milli sərvətimizi, mənəvi dünyamızı hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalıdır. Bu, hər bir azərbaycanlının vətəndaşlıq borcudur. O ki qaldı dövlət qayğısına, doğma Azərbaycan dili və əlifbası hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşdur. Məlumdur ki, Azərbaycan Respublikası Prezidentinin imzaladığı "Dövlət dilinin təkmilləşdirilməsi haqqında" fərmana əsasən ölkəmizdə latın qrafikalı əlifbaya keçilmişdir. Bununla əlaqədar olaraq Azərbaycan xalqı türk dünyası ilə daha yaxın təmas vasitəsi əldə etmiş, dünyanın aparıcı ölkələri ilə inteqrasiya sahəsində uğurlara nail olmuşdur. Hər il avqust ayının 1-i Azərbaycan dili və Azərbaycan əlifbası günü kimi qeyd olunur. Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili Dövlət dili kimi təsbit olunmuşdur. Azərbaycan Respublikasının dövlət dili haqqında qanun qəbul edilmişdir. Böyük razılıq hissi ilə qeyd etməliyik ki, dilimizin qorunmasında və təkmilləşdirilməsində ümummilli liderimiz mərhum Heydər Əliyevin böyük tarixi xidmətləri olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamı, həmçinin digər sənədlər dövlətimizin dil məsələlərinə xüsusi diqqət yetirdiyini bir daha sübut edir.

- Bir alim kimi Azərbaycan dilinin təşəkkül tarixi barədə nə deyərdiniz?
- Azərbaycan dilinin təşəkkül tarixi xalqımızın tarixi qədər qədimdir. IV-V əsrlərdən etibarən Azərbaycan dili ümumxalq danışıq dili kimi fəaliyyət göstərməyə başlamışdır. XVI əsrdə Səfəvilər dövlətinin yaranması ilə Azərbaycan dili dövlət dili dövlət dili səviyyəsinə qalxaraq rəsmi və dövlətlərarası yazışmalarda mühüm rol oynamışdır. XVIII əsrdə şifahi xalq ədəbiyyatının bədii dilə təsiri daha da güclənmiş, ədəbi dildə sadəliyə, canlı danışıq dilinə meyil artmışdır. XIX əsrdə Azərbaycanın ikiyə parçalanması ədəbi dilə də təsir göstərməyə bilməzdi. Buna baxmayaraq Şimali və Cənubi Azərbaycanda bir çox lüğətlər, dərsliklər yazılmışdır. Azərbaycan dilinə aid ilk dərsliklərin müəllifləri Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani, Sultan Məcid Qənizadə , Nəriman Nərimanov , Üzeyir Hacıbəyov, Abdulla Şaiq və başqaları olmuşlar.

- Azərbaycan əlifbasının tarixinin türk kontekstində qəbul etmək düzgündürmü?
- Əlbəttə, düzgündür. Azərbaycan əlifbasının tarixini türk kontekstində götürmək lazımdır. Ona görə ki, arxeoloji qazıntılar zamanı eramızdan əvvəl V əsrdə Hun yazıları aşkar olunmuşdur. Həmin yazılar qrafiki cəhətdən əski Göytürk yazılarından fərqlənmir. Eramızın VI əsrinə aid tarixi mənbələrdə qədim türk əlifbası haqqında məlumatlara rast gəlinir. Müxtəlif ərazilərdə qeydə alınmış Göytürk abidələri isə VII-VIII əsrlərə aid edilir. Sibirdə Orxan -Yenisey çayları ərazisində türk sərkərdələrinin şərəfinə ucaldılmış qəbirüstü kitabələr türk əlifbası ilə yazılmışdır. Ərəb istilaları dövründə İslam dini ilə barəbər ərəb qrafikası da geniş yayılmağa başlamış, min ildən çox istifadə olunmuşdur. Lakin bu əlifbanın türk dillərinə, o cümlədən Azərbaycan dilinə yaramadığı məlum faktdır. M.F.Axundov ərəb əlifbasının dəyişdirilməsi təşəbbüsü ilə uzun illər calışmış, lakin onun cəhdləri qalmışdır.

- Bəs sonra ?..
- Sonra da 1921-ci ildə ərəb əlifbasını daha uyğun bir əlifba ilə əvəz etmək üçün Əlifba Komitəsi yaradılıb. 1924-1939-cu illəri əhatə edən on beş il ərzində latın qrafikalı Azərbaycan əlifbası işlənib. 1959-cu ildə isə latın qrafikalı əlifba kiril qarafikası ilə əvəz olunub. - Əlifbanın dəyişdirilməsi ağır nəticələrə səbəb olub. Elədirmi? - Ümumiyyətlə, əlifbanın dəyişdirilməsi hər hansı bir xalq üçün ağır nəticələrə gətirib çıxarır. Ərəb əlifbasını dəyişməklə minillik tariximizdən, mədəniyyətimizdən, elm xəzinəmizdən ayrı düşdük. Yenidən latından kirilə keçid vaxtı 15 illik tariximizdən, yazı vərdişlərimizdən, sonra latın qrafikalı əlifbaya keçid nəticəsində isə 70 illik mədəni irsimizdən aralandıq. Əlbəttə, geriyə yol yoxdur. Biz dilimizin, əlifbamızın qeyrətini çəkməliyik, onu qorumalıyıq, təkmilləşdirməliyik.

- Bəs Dilçilik İnstitutunun yaranması və onun əsas vəzifələri barədə nə deyərdiniz ?
- 1945-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində müstəqil Dilçilik İnstitutunun yaradılması dilçiliyimizin bir elm kimi inkişafına yeni təkan vermişdir. Azərbaycan dilçilərinin gərgin əməyi nəticəsində dilçiliyin bütün sahələrində səmərəli işlər görülmüş, dil tarixi, dialektologiya, müasir dil, lüğətçilik sahələrində dəyərli tədqiqat işləri aparılmışdır.

- Ölkədə ədəbi dilimizin normalarına əməl edilməsi sizi qane edirmi?
- Qeyd etməliyəm ki, ölkəmizin ümumtəhsil, orta ixtisas və ali məktəblərində Azərbaycan dilinin milli-mədəni inkişaf tariximizin tələblərinə cavab verən tədris proqramlarının hazırlanmasına ehtiyac vardır. Hamımızın gözü qarşısında bir çox kütləvi informasiya vasitələrində, rəsmi yazışmalarda, kargüzarlıq işlərində və başqa sahələrdə Azərbaycan ədəbi dilinin normalarına lazımınca əməl edilmir. Kəskin tənqidlərə baxmayaraq reklam vasitələrinin hazırlanmasında, bir çox hallarda, xarici dillərə əsassiz olaraq üstünlük verilir. Şəhər və qəsəbələrimizin görkəminə xələl gətirən əcnəbi dilli lövhələr, bəzi teleradio kanallarında verilən reklamlar gənc nəslin azərbaycançılıq ruhunda tərbiyəsinə mənfi psixoloji təsir göstərir. Unutmaq olmaz ki, dilə münasibət elə bil ki, dövlət bayrağına, dövlət gerbinə, dövlət himninə münasibət kimi olmalıdır. Bunu yalnız dilçilərdən tələb etmək düzgün olmazdı. Dil təkcə dilçilərin deyil, hamımızındır. Dilimizin təəssübünü hamımız çəkməliyik. Bizim institutun əməkdaşları reklam yayanlara, idarə, müəssisə, təşkilat və şirkət rəhbərlərinə dəfələrlə təklif ediblər ki, reklam mətnlərini təmənnasız hazırlayırıq. Müxtəlif telekanallarda verilən reklam mətnləri adamda ikrah hissi yaradır. Məsələn, "Dağılmısan, deməli, acmısan, dayanma snikerslə", "Zövqətir qüvvəsi", "Doğmalan, bozbaşlan", "Paltar təzəyə (?) oxşayır", "Bırrr...", "Samalyota (?) mindim", "Susuzluğuna güvən" və başqa reklam mətnlərini buna misal göstərmək olar. Belə anlaşılmaz reklamlarda həm də orfoqrafiya qaydaları pozulur. Prezident fərmanlarına uyğun olaraq şəhər və rayon icra hakimiyyəti orqanları yerlərdə istifadə olunan lövhələrin, tabloların, şüarların, plakatların və digər əyani vasitələrin Azərbaycan ədəbi dilinin normalarına uyğun olmasına nəzarəti gücləndirməlidirlər.

- Məsud müəllim, Azərbaycan dilçiləri hazırda hansı problemlər üzərində işləyirlər? - Son illərdə Azərbaycan dilçiləri dilçiliyin bir çox sahələrində böyük elmi uğurlar qazanmışlar. Bizim Dilçilik İnstitutunda dilçiliyə dair geniş fəaliyyət proqramı hazırlanmışdır. Latın qrafikası ilə yenidən çap olunması zəruri hesab olunan əsərlərin, lügət və dərsliklərin siyahısı dəqiqləşdirilmişdir. Nitq mədəniyyəti, Azərbaycan dilinin üslubları, orfoqrafiya, orfoepiya, izahlı lügət, ikidilli və çoxdilli lügətlərin çap olunması ilə bağlı təkliflər hazırlanmışdır. Dilçiliyin müxtəlif sahələri üzrə araşdırmaların cari və perspektiv planlarına baxılmış və günün tələblərinə uyğun olaraq əlavələr edilmişdir. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu "Azərbaycan dilçiliyi XXI əsrdə" mövzusunda elmi tədqiqat proqramını yerinə yetirir. Bu proqramda Azərbaycan dilinin XXI əsrin başlanğıcına qədər keçdiyi yola nəzər salınır, geniş linqvistik təhlil aparmaqla XXI əsrdə Azərbaycan dilinin inkişaf proqnozları müəyyən edilir. Dilçilərimiz qrammatika, fonetika və fonalogiya, üslubiyyat,türk dillərinin müqayisəli öyrənməsi, slavyanşünaslıq, ümumi və nəzəri dilçilik, tipoloji dilçilik, maşın tərcüməsi, riyazi dilçilik, mühəndis dilçiliyi, statistik leksioqrafiya, neyrolinqvistika və başqa sahələrdə müasir elmi-nəzəri səviyyədə tədqiqatlar aparırlar. Şübhə yoxdur ki, dilçi mütəxəssislərimiz Azərbaycan dilinin hərtərəfli tədqiqini, tədrisini və inkişafını təmin etmək üçün əllərindən gələni əsirgəməyəcəklər.

Söhbətləşdi: Canalı Mirzəliyev

Yazı Mədəniyyət qəzetindən copy paste üsulu ilə köçürülmüşdür.
Mənbəyinə baxmaq istəsəniz, buyrun.

Foto Deviantart məhsuludur. Məqaləyə Maklayaq tərəfindən yerləşdirilmişdir.

Yazıdakı fikirlərlə blogumuzun yaxından uzaqdan heç bir əlaqəsi yoxdur. Heç bir həmfikirlilik mövcüd deyil.