Həyat özü bizim yeritdiyimiz siyasətin düzgünlüyünü, Heydər Əliyev strateji xəttinin alternativsizliyini sübut edir

Bu gün Heydər Əliyevin doğum günüdür. Adətən, bu gün adi bir gün kimi keçərdi. Yəni hər hansı bir xüsusi tədbir keçirilməzdi. O, həmişə bunun əleyhinə olurdu. Bəzi hallarda təkliflər gələndə deyirdi ki, xeyr, bu adi bir gündür, ailəmiz üçün əziz bir gündür. Biz bu günü həmişə ailə şəraitində qeyd edirik.


1993-cü ildə hakimiyyətə qayıdandan sonra o, öz həyatını yenidən xalqa xidmətə sərf etmişdir. 1993-cü ilə qədər Azərbaycan, demək olar ki, dağılmaq ərəfəsində idi. Ölkədə gedən proseslər Azərbaycanı dağıdırdı. Böhran - iqtisadi, siyasi, hərbi böhran yaşanırdı. Azərbaycan müharibə vəziyyətində idi. Torpaqlarımız işğal olunurdu. Eyni zamanda, vətəndaş müharibəsi də başlamışdı. Əgər o vaxt, 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə Azərbaycana hakimiyyətə qayıtmasaydı ölkə parçalana bilərdi. Demək olar ki, ölkə dünyada gedən bütün proseslərdən təcrid olunmuş vəziyyətdə idi. O çətin dövrdə, çətin vəziyyətdə onun nə silahı var idi, nə ordusu var idi, nə də dəstəsi var idi. Yalnız siyasi iradəsi, bir də xalqın inamı, dəstəyi var idi. O, bu dəstəyə arxalanaraq, on il ərzində Azərbaycanı böhrandan tərəqqiyə gətirdi. Bu gün Azərbaycan inamla irəliləyir, Azərbaycanın bütün sahələri inkişaf edir.

Azərbaycan bu gün beynəlxalq aləmdə çox görkəmli yer tutur, beynəlxalq təşkilatların üzvüdür, onlarda fəal iştirak edir. Bütün dövlətlər tərəfindən tanınır. Azərbaycana böyük hörmət var. Artıq demək olar ki, regional məsələlərdə Azərbaycanın sözü həlledici sözdür. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir regional layihə həyata keçirilə bilməz. Beləliklə, Azərbaycan region üçün mərkəzə çevrilibdir. Bizim nüfuzumuz artır, gücümüz artır. Bu bizə imkan verəcək ki, qarşımızda duran bütün məsələləri öz xeyrimizə həll edək. Bütün bunlar Heydər Əliyevin xidmətləridir.

Bu gün Heydər Əliyev bizimlə deyil, amma onun fiziki yoxluğu bizi ruhdan salmamalıdır. Onun ideyaları yaşayır, onun siyasəti yaşayır, onun fəlsəfəsi, ideologiyası yaşayır və onun qurduğu, yaratdığı müasir Azərbaycan yaşayır və onun yolu ilə inkişaf edir. Hamımızın borcudur ki, onun siyasətini yaşadaq. Azərbaycanı gücləndirək və onun istədiyi kimi, onun yolu ilə gələcəyə aparaq. Mən əminəm və şübhə etmirəm ki, biz bunu edəcəyik.

Xalq prezident seçkilərində Heydər Əliyevin siyasətini bir daha dəstəklədi. Azərbaycanda bu siyasətə alternativ yoxdur. Bu siyasət Azərbaycana böyük uğurlar gətiribdir və əminəm ki, daha yeni-yeni uğurlar gətirəcəkdir.


http://www.rabitadunyasi.info.az/rd/dim.asp?id=9924