Tarix və Statistika həvəskarları üçün PR

Alimlər yaxın keçmişdə yaranmış bir sıra fəaliyyət növləri kimi PR fəaliyyətinin də köklərini uzaq keçmişdə axtarmağa çalışırlar. Onlar Qədim Şərqdə, Yunanıstanda, Romada, Çində baş vermiş bir sıra ideoloji və dini hərəkatların ardıcıllarını, məsələn, xristianlığı yayan apostolları, Maninin, Məzdəkin ardıcıllarını, sufiləri az qala ilk PR-menlər adlandırırlar.


Müasir PR-nin «sələfləri» kimi tədqiqatçılar aşağıdakı kommunikasiya növlərini qeyd edirlər:

- Antik ritorika
- Dini kommunikasiya
- Məhkəmə nitqləri
- Parlament nitqləri
- Kütləvi kommunikasiya
- Ədəbi kommunikasiya
- Reklam kommunikasiyası

PR tədqiqatçılarından biri, Frenk Cefkins hətta müqəddəs kitablarda PR elementlərinin olduğunu iddia edir.

19-cu əsrin əvvəllərində Britaniya hökumətində təmsil olunmuş mətbuat katiblərini Frenk Cefkins PR sahəsində ilk funksionerlər hesab edir. Lakin İngiltərədə əsl mənada PR-nin yaranması XX əsrin əvvəllərinə aid edilir. Bu zaman Böyük Britaniyanın baş nazirinin rəhbərliyi altında milli sığorta haqqında qanunun müdafiəsi üçün ictimaiyyət arasında geniş PR kampaniyası aparılmışdı.

Elə bu dövrdə də ABŞ-da ilk peşəkar PR kompaniyaları yaranmağa başladı. Bu ölkədə praktik PR-nin əsasını Edvard Berneys qoyub. O, Ziqmund Freydin bacısı oğlu olub. 1919-cu ildə E.Berneys Nyu-orkda «məşhurluğun idarə edilməsi» üzrə şirkət yaradıb. Sonralar o, xatirələrində yazırdı:

«Əvvəlcə biz öz fəaliyyətimizi «məşhurluğun idarə edilməsi» adlandırırdıq. Biz müştərilərimizə cəmiyyətdə tanınmaq üçün məsləhətlər verirdik. Sonra biz xidmətimizi «pablik rileyşnz üzrə məsləhətlər» adlandırmağa başladıq. Yalnız daha sonra aşkar etdik ki, «pablik rileyşnz» sözləri 1830-cu illərdən bəri bəzi mənbələrdə «ictimai mənafe naminə fəaliyyət» mənasında işlədilib. (Başqa tədqiqatçıların yazdığına görə, Public relations kəlməsini ilk dəfə ABŞ prezidenti Tomas Cefferson özünün «Konqresə yeddinci müraciət»i»nin qaralamasında işlədib). Sonralar bu kəlmə unudulub və heç vaxt mətbuatda geniş şəkildə işlədilməyib».

Qeyd etmək lazımdır ki, Berneysi yalnız Amerika prezidentləri deyil, həmçinin Franko və Hitler də vaxtilə işə dəvət etmişdilər. Məlumdur ki, onun PR üzrə əsəri Hebbelsin stolüstü kitabı olmuşdur. Diktatorlara imtina edən Berneys bir müddət Enriko Karuzonun ictimaiyyətlə əlaqəçisi olmuşdur.

XX əsrin əvvəllərində PR üzrə tanınmış mütəxəssislərdən biri də jurnalist Ayvi Li olmuşdur. 1914-cü ildən etibarən o, Con Rokfellerin ictimaiyyətlə əlaqə üzrə müşaviri vəzifəsini tutmuş, əsasən dəmir yolunda və kömür sənayesində qəzalarla məşğul olmuşdur.
Birinci və İkinci dünya müharibələri dövründə bu müharibələrə qatılmış ölkələrdə xalqın qələbə əzmini və müdafiə gücünü yüksəltmək üçün PR-nin müxtəlif vasitələrindən - KİV-dən, plakatlardan, digər informasiya daşıyıcılarından geniş istifadə olunurdu.

30-cu illərdə siyasi kampaniyaların təşkili üzrə PR təşkilatları yaranmağa başladı. Onlardan biri - ər-arvad Klem Viteykerin və Liana Baksterin firması 1935-ci ildən 1958-ci ilədək 80 siyasi kampaniyada ictimaiyyətlə əlaqə işini idarə etmiş və firmanın 74 müştərisinə qələbə gətirmişdi.

ABŞ-da PR-nin geniş vüsət alması 1945-1960-cı illərə aid edilir. Həmin dövrdə Amerikada yüz minə yaxın mütəxəssis bu fəaliyyətə cəlb olunmuşdu. 14 universitet PR üzrə bakalavr diplomu verirdi. 50-ci illərdə bir-birinin ardınca PR üzrə kitablar nəşr olunmağa başladı və onun nəzəri bazası yaradıldı. 1955-ci ildə PR üzrə Beynəlxalq Assosiasiya (IPRA) yaradıldı.

http://www.inspiredesign.com/images/PR_marketing1_r2_c2.jpg

Digər nəhəng dövlətdə - SSRİ-də «pablik rileyşnz» termini işlənməsə də, bu fəaliyyət dövlət səviyyəsində həyata keçirilirdi.

PR-nin müstəqil elm kimi formalaşması əsrimizin 60-cı illərinə - müdafiə sənayesinin konversiyası və postindustrial cəmiyyətə keçid dövrünə təsadüf edir. 70-ci illərdə artıq bu elm xüsusi fənn kimi bir çox ABŞ kolleclərinin və universitetlərinin tədris proqramlarına daxil oldu. Bu gün ABŞ-da bu cür təhsil müəssisələrinin sayı 200-dən çoxdur. Rusiyada PR üzrə ali təhsilli ilk mütəxəssisləri yalnız XX əsrin son illərində hazırlamağa başladılar. Azərbaycanda isə belə mütəxəssislər hazırlayan təhsil müəssisəsi yoxdur, bu elmi tədris edə biləcək kadrlar da yox dərəcəsindədir.

70-80-ci illərdə özündə sosial psixologiyanın, məntiqin, informatikanın, marketinqin müxtəlif sahələrini birləşdirən bu fəaliyyət növü qərb ölkələrində bir çox dövlət və özəl qurumların, kommersiya və qeyri-kommersiya təşkilatlarının əlində ictimai fikrə təsir etmək üçün güclü bir vasitəyə çevrildi. Əsrin sonuna yaxın ABŞ-da 5400-dən çox şirkətin ictimaiyyətlə əlaqə üzrə xüsusi şöbəsi var idi. 2000-ə yaxın PR üzrə ixtisaslaşmış təşkilat fəaliyyət göstərirdi. Tədqiqatçıların hesablamalarına görə, 1950-ci ildən 2000-ci ilə qədər ABŞ-da PR mütəxəssislərinin sayı 19000-dən 197000-ə qədər artmışdır (10 dəfədən çox!). Rusiyada keçən əsrin sonunda təxminən 20 PR şirkəti fəaliyyət göstərirdi. Azərbaycanda da son bir-iki ildə «PR mərkəzi», «PR kompaniyası» adı altında fəaliyyət göstərən bir neçə şirkət yaranmışdı

İctimaiyyətlə Əlaqələr
BÜTÜN YOLLAR KİV-DƏN KEÇİR