Metso Azərbaycanda

http://bizimyol.az/public_folder/lVK0CWfD.gif

«Azersun Holding» Şirkətlər Qrupu dünyanın aparıcı kağız emalı avadanlıqları istehsalçısı olan «Metso» (Finlandiya) şirkəti ilə əməkdaşlığa dair saziş imzalayıb.

Müqaviləni «Azersun Holding»in prezidenti Abdolbari Goozal və «Metso» şirkətinin təmsilçisi Hana Saykonnen imzalayıblar. Müqaviləyə əsasən, kağız avadanlıqları istehsalı sahəsində dünya lideri «Metso» və «Fanpo Belloid» şirkətinin istehsal etdiyi avadanlıqlar Azərbaycan Karton və Kağız İstehsalı Kombinatında istifadə olunacaq. Fabrikdə «Metso»nun istehsalı olan 5 əlavə istehsal xətti və yardımçı xətlər quraşdırılacaq. Müasir texniki avadanlıqları idarə edəcək yerli mütəxəssislər Avropada təcrübə və təlim kurslarında da iştirak edəcəklər.

Tikilməkdə olan kombinatda «Metso» şirkəti ilə yanaşı Avropanın «Fanpa Belloid», «Lemord», «Mauli», «Lang-Hfner» kimi müasir texnologiyalara malik şirkətlərinin avadanlıqları da quraşdırılır.

Kombinatda qofra karton məhsulları, yazı kağızı və məişətdə istehsal olunan kağız məmulatları ilə yanaşı bütün kağız növlərinin istehsalı planlaşdırılır. Kombinatda tullantı suların təmizlənməsi və təkrar istifadəsi də həyata keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Karton və Kağız İstehsalatı Kombinatının gündəlik istehsal gücü 240 ton olacaq. İstehsal maşınlarının orta sürəti dəqiqədə 350-500 metr olmaqla fasiləsiz iş rejimində işləyəcək. Müəssisədə suya olan tələbat gün ərzində 2,5 min tondur, bunun da hamısı dönən rejimdə istifadə olunacaq.