Azərbaycan efiri xalqımıza, mədəniyyətimizə, tariximizə və milli-mənəvi dəyərlərimizə xidmət etməlidir

Çox təəssüf ki, son zamanlar bu dəyərlər bayağı səviyyə, şit şou-biznes və korporativ maraqlarla əvəz olunur.




Prezident Administrasiyasının rəhbəri, fəlsəfə elmləri doktoru, akademik Ramiz Mehdiyevin “Azərbaycan” qəzetinin 2 oktyabr 2009-cu il tarixli sayında verilmiş “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” adlı analitik materialı ölkə ictimaiyyəti tərəfindən böyük maraq və rəğbətlə qarşılanmışdır. Fikrimizcə, çoxsaylı faktlara, geniş müşahidələrə və əhatəli monitorinq materiallarına istinadən qələmə alınmış bu yazının dərhal böyük rezonansa səbəb olmasının səbəbləri çoxdur. Ancaq bir səbəb xüsusilə qeyd edilməlidir: akademik bu materialı dövlət rəsmisi kimi deyil, ziyalı, vətənpərvər alim, vətəndaş kimi qələmə almışdır.
Çünki orada sadalanan neqativ halların, tənqidi qeydlərin hamısı bütövlükdə xalqımızı narahat edən məqamlardan ibarətdir. Yazının daha bir üstün cəhəti də odur ki, neqativ hallar qeyd olunmaqla yanaşı vəziyyətdən çıxış yolları da konkret və aydın şəkildə göstərilir. Bu barədə aşağıda yetərincə söz açacağıq. Yeri gəlmişkən, indi qələmə aldığımız qəzet materialı “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” məqaləsi ətrafında açdığımız geniş müzakirənin ilk yazısıdır. Hörmətli ziyalılarımızı, təcrübəli radio-televiziya jurnalistlərini, KİV rəhbərlərini, milli efirimizi daha səviyyəli şəkildə görmək istəyən oxucu və tamaşaçılarımızı, ölkə ictimaiyyətinin bütün zümrələrindən olan soydaşlarımızı bu müzakirəyə dəvət edirik.
Əvvəlcə haqqında söz açdığımız yazının qəzet səhifələrində verilməsindən əvvəl rastlaşdığımız bir neçə məqamı qeyd edək. Xalq şairi Nəriman Həsənzadə bir dəfə öz çıxışında dedi: “İnanmıram ki, televiziyalarımızdakı nizamsızlıq və özümüzə yad əhval-ruhiyyənin efirə çıxarılması məsələsi uzun müddət davam etsin. Dövlət rəsmiləri mütləq münasibət bildirəcəklər. Çünki vəziyyət heç də xoşagələn deyil”. Redaksiyamıza müraciət edən tanınmış aktyor və rejissor, İrəvan teatrının bədii rəhbəri Nazir Rüstəmov soruşurdu: “Əgər televiziya verilişlərini müğənnilər aparacaqdısa, onda nə üçün ölkədəki 7-8 ali məktəbdə jurnalistika fakültəsi fəaliyyət göstərir?” Qəbələdən əmək veteranı Telman Rəfiyev soruşurdu: “Bu xalqa hansısa xanım müğənninin alt paltarının hansı rəngdə olması, hansı qadın müğənninin neçə dəfə ərə getməsi, aktrisanın hamiləliyinin neçə aylıq olduğu maraqlıdırmı? Xeyir, maraqlı deyil. Kimin üçün maraqlıdırsa bu söhbətləri öz evində etsin. Azərbaycan efiri 50 milyonluq azərbaycanlıların efiridir”. Mən bir dəfə Azərbaycan radio və televiziyasının şanlı bir tarixi yolu keçməsindən, xüsusən, 1970-82-ci illərdə sürətlə inkişaf etməsindən, sonralar milli-azadlıq hərəkatı dövründə və müstəqillik illərində radio və televiziyamızın əvəzsiz xidmətləri olduğundan danışdım. Çünki özüm də müstəqilliyin ilk çağlarında 6 il radioda çalışmışam. Həmsöhbətim Oqtay Kərimov (Bakı şəhəri, Badamdar qəsəbəsi) maraqla danışdığımı görüb maraqlı fikir söylədi: “Sizin həmin şanlı və şöhrətli tarixinizi “Çal-çağır şou” və “Yağ kimi” verilişləri məhz yağ əridən kimi əridir”.
Akademik Ramiz Mehdiyevin qeyd edilən məqaləsində bu məqamların hamısı böyük ustalıqla qələmə alınmışdır: “Bu gün Azərbaycanın aparıcı kanalları maraqsız, bayağı, mənasız verilişləri nəinki ölkənin daxilində, həmçinin peyk vasitəsiylə dünyanın ayrı-ayrı bölgələrinə yayımlayırlar. Xaricdə Azərbaycan kanallarına baxan soydaşlarımızda, xaricilərdə ölkəmiz haqqında hansı təsəvvür yaradırıq? Biz onlara ölkəmizdə gedən ictimai-siyasi, sosial-iqtisadi, mədəni proseslər haqqında hansı məlumatı veririk? Teleradio qurumlarının rəhbərləri unutmalı deyillər ki, televiziya və radio təkcə daxili ictimai rəy formalaşdırmır, həm də ölkənin simasını nümayiş etdirir, onun haqqında təsəvvür yaradır. Nəzərə almalıyıq ki, Azərbaycan teleməkanında “meyxana” və “ulduz” yarışmalarına meyillənmə intellektual təbəqənin yeni telekanallara marağının azalmasına gətirib çıxarır”. Mən bu məqamda yada salmaq istəyirdim ki, xalq şairi Nəriman Həsənzadə də məhz bu məsələdən – ziyalıların tələbinə uyğun verilişlərin az olmasından narahatçılıq keçirirdi. Ancaq yadıma düşdü ki, bu narahatçılığı yüzlərlə ziyalımızdan eşitmişəm. Yeri gəlmişkən qeyd edim ki, Azərbaycan Televiziyası və “İctimai televiziya” hələ ki, öz ziyalı auditoriyasını qorumağı bacarır.
Akademik Ramiz Mehdiyevin məqaləsində oxuyuruq: “...Şou biznesin parlaq nümayəndələri ilə yanaşı, istedadsız, lakin bu sferada populyarlaşmaq istəyən və reklama ciddi ehtiyacı olan şəxslər teleefirə can atır və onların bir qismi müxtəlif vasitələrlə istəklərinə nail olurlar. Təbii istedadları, peşəkarlığı olmayan belə şəxslər daha çox bayağılıq, açıq-saçıq danışıq və geyim tərzi ilə özlərini tanıtdırmaq istəyirlər... Nəticə etibarilə efirdə ictimai tələbat olmayan keyfiyyətsiz şou-biznes verilişlərinin sayı artır”. Tamamilə haqlı fikirdir. Məsələn “Kim kimdir?, “Yağ kimi”, “Çal-çağır şou” verilişləri nəinki keyfiyyətsiz hazırlanır, həm də gərəksiz, tamaşaçının əsəbləri ilə oynayan bayağılıq nümunələridir. Doğrudur, bu yazıda söhbət şou-biznes mövzulu verilişlərdən gedir. Amma yeri düşdüyünə görə və daha çox ədalət naminə deməliyəm ki, ATV kanalının “Son xəbər” bülletenləri daha operativ və daha obyektiv şəkildə hazırlanır. Həmin “Xəbərlər” bülletenlərinin hazırlandığı telekanalda “Yağ kimi” verilişinin də hazırlanması təəccübdən başqa heç bir hiss yaratmır. ATV rəhbərliyi bu verilişi aparan bir şou aktyorunun (Zaur adlı oğlana jurnalist də demək mümkün deyil, aparıcı da, o sadəcə şit və uğursuz şou aktyorudur) xatirinə milyonlarla tamaşaçının əsəblərini nə haqla tarıma çəkdiyi heç cür anlaşılmır. Qapı-qapı gəzib müğənnilərin evində şit-şit gülən bu adam qonağı olduğu qadının alt paltarını əlinə alıb tamaşaçılara göstərirsə, daha hansı ədəb-ərkandan danışaq? Onun adaşı olan “Xəzər” kanalındakı Zaurun isə təkcə gülüşü deyil, sualları da tamaşaçıları bezdirir. Xalq artistindən soruşur: “Neçə qızınız var?” Cavab: “İki”. “Nə üçün oğlunuz yoxdur?” Cavab: “Mən sənə institutda beş il dərs vermişəm, sual verməyi öyrənmək üçün daha beş il oxumalısan”. Bu cavabı xalq artisti verdi. Ancaq bizim fikrimizcə, nəinki beş il, heç on beş il də kifayət etməyəcəkdir. “Kim kimdir?” verilişi isə televiziya ekranında görünmək üçün ürəyi gedən adamların efirə çıxarılmasından ötrü düşünülmüş bayağı və gərəksiz bir oyundur.
Bütün bunlarla yanaşı o demək deyildir ki, Azərbaycan teleməkanında normal və yüksək səviyyəli verilişlər yoxdur. Allaha şükür olsun ki, var. “Azərbaycan-yurdum mənim”, “Məclisi-üns” (Az TV) “Ortaq məxrəc”, “Açıq dərs”, “Ovqat”, “Din və cəmiyyət” (İctimai televiziya) verilişləri efirə gedəndən sonra da iki-üç gün tamaşaçılar bu verilişlər barədə bir-birinə danışır, münasibət bildirirlər. Yeri gəlmişkən, 8-10 il ölkə tamaşaçılarının böyük əksəriyyətini öz ətrafında cəmləmiş ANS telekanalının fəaliyyətindəki “yorğunluğu” ANS sevərlər böyük təəssüf hissi ilə qarşılayırlar.
İctimai televiziya ilə bağlı bir məsələni də qeyd edək. Bu gün həm paytaxtda, həm də regionlarımızda fəaliyyət göstərən telekanalların üzləşdiyi aparıcı problemi (bunu böhran da adlandırmaq olar) İctimai televiziyada qətiyyən hiss olunmur. Bu televiziyadakı verilişlərin heç birinin aparıcısına irad tutmaq olmur. Halbuki, akademik Ramiz Mehdiyevin də qeyd etdiyi kimi: “Televiziya kanallarında aparıcı problemi kəskindir. Bir çox hallarda aparıcıların peşəkarlıq səviyyəsi, nitqi standartlara uyğun gəlmir. Bəzi proqramların, xüsusən də əyləncə xarakterli verilişlərin aparıcıları jurnalistikadan uzaq, efir mədəniyyəti, peşəkarlığı aşağı olan şəxslərdir. Bir sıra “aparıcıların telejurnalistika sahəsində təcrübəsizliyi, qeyri-peşəkarlığı haqlı olaraq cəmiyyətdə narazılıq doğuran məsələdir”. Necə də narazılıq doğurmasın? 20 il aktyorluq etmiş, bu sahədə müəyyən uğurlar əldə etdiyinə görə fəxri adlara layiq görülmüş adam gəlib teleaparıcı olur və heç nəyə nail ola bilmir. Müğənnilər və qeyri-peşə sahibləri də həmçinin. Dünya ölkələrində televiziya aparıcılığı ciddi bir peşə kimi qəbul edildiyi halda bizdə bu məsələyə oyuncaq kimi baxırlar. Nəticədə verilişə dəvət edilmiş qonaqlar “aparıcı”dan qat-qat üstün məlumata malik olduğuna görə şirkət rəhbərliyi pis vəziyyətdə qalır.
Biz yuxarıda qeyd etdik ki, “Azərbaycan” qəzetinin 2 oktyabr 2009-cu il tarixli sayında verilmiş “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” adlı yazıda akademik Ramiz Mehdiyev problemləri söyləməklə yanaşı, onlardan yaxa qurtarmaq yollarını da göstərir. Haqqında söz açdığımız sonuncu məsələ aparıcı problemi olduğuna görə sözümüzü bu problemdən qurtulmağın çıxış yolu barədə təkliflə tamamlamaq istəyirik. Müəllif yazır: “Bir sıra ölkələrdə Televiziya Akademiyası fəaliyyət göstərir və televiziya sahəsində olan problemlərin araşdırılması, telejurnalistlərin hazırlanması ilə məşğul olur. Hesab etmək olar ki, indiki mərhələdə telekanallarda çalışan kadrların ixtisaslarının artırılması məqsədilə ölkədə əsaslı tədbirlər haqqında düşünməyin vaxtı çatıbdır”.

XALQ qəzeti