İlk Azərbaycan-Amerika kredit kartları buraxıldı




Dünya maliyyə bazarına ilk Azərbaycan-Amerika kredit kartları buraxılıb.

APA-nın Vaşinqton müxbirinin məlumatına görə, bəzi ABŞ vətəndaşları artıq belə kartlardan istifadə edirlər. Kartın üzərində Qız Qalasının və Azərbaycanın digər tarixi tikililərinin şəkli, həmçinin ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) rəmzləri vurulub.


İki aydır bu cür kartdan istifadə edən Qreq Reyder bildirib ki, bəzən adamlar ondan bu şəkillərin nə olduğunu soruşurlar: “Mən də izah edirəm ki, bunlar Azərbaycanındır. Məncə, bu, yaxşı təbliğat vasitəsidir”.

Kartları ABŞ Azərbaycanlılarının http://visa.usazeris.org saytı vasitəsilə almaq olar.
Kredit kartları Azərbaycan-Amerika İcmasının daha bir nailiyyəti sayılır. Bu nailiyyət ABŞ-dakı Azərbaycan diasporunu daha geniş miqyasda tanıdacaq, nüfuzunu artıracaq və onun daha geniş dairələrdə qəbul edilməsinə kömək edəcək. Bu addım həmçinin diasporun amerikalı azərbaycanlılara kütləvi dəstək üçün öz fonduna illik vəsait toplama məqsədlərinə də xidmət edəcək.

“Bütün üstünlüklər kredit kart sahiblərinin sərbəstliyi ilə tamamlanmır, o, həm də “Visa Platinum” kredit kartının bütün xüsusiyyətlərinə malikdir”, - deyə USAN-ın nümayəndəsi bildirib.