Bakıdakı Qara Şəhər olacaq "Ağ Şəhər"


Dünyanın məhşur Atkins şirkəti tərəfindən hazırlanmış layihə müasir şəhərsalma sahəsində ən yaxşı layihələrdən biri kimi tanınmışdır.
Bakının Qara Şəhər kimi tanınan şərq hissəsinin inkişafının baş planı üzərindəki iş başa çatmışdır. Şəhəri beynəlxalq hava limanı ilə birləşdirən və nəqliyyat magistralının keçdiyi ərazinin planı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı"nın təsdiq olunması haqqında fərmanının yerinə yetirilməsi çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin 2007-ci il 11 iyun tarixli sərəncamına əsasən hazırlanmışdır.
Bakı Ağ Şəhər (Baku White City) adını almış layihənin baş planının əsas məsləhətçisi mühəndis dizaynı sahəsində ixtisaslaşmış və dünyanın 175-dən çox ölkəsində gözəl təsir bağışlayan silsilə layihələr həyata keçirmiş dünyanın məhşur "Atkins" şirkətidir. Layihə işlərinə Azərbaycanlı mütəxəssislərlə yanaşı, dünya şöhrətli əfsanəvi memar Norman Foster tərəfindən yaradılmış tanınmış "Foster+Partners" firması, eləcə də, Amerikanın "F+A Architects" şirkəti cəlb edilmişdir.
Baş planın konsepsiyası Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Memarlıq Komitəsi yanında Şəhərsalma Şurasının 30.04.2009-cu il tarixli işlasının qərarına uyğun olaraq qabaqcadan razılaşdırılmış və bunun da əsasında Bakı Ağ Şəhər baş planı hazırlanmışdır.

Trend