SOCAR Bakıda ilk yanacaqdoldurma məntəqəsini açdı


Mayın 7-də Bakının Zığ şossesində, Heydər Əliyev adına Hava Limanı yolu üzərində və Bibiheybətdə ARDNŞ-ə məxsus ilk 3 yanacaqdoldurma məntəqəsinin açılışı olmuşdur. Tədbirlərdə ARDNŞ prezidenti Rövnəq Abdullayev başda olmaqla, şirkət rəhbərliyinin nümayəndələri iştirak etmişlər.
Rəmzi qırmızı lenti kəsdikdən sonra məntəqələrdə çalışanları bu münasibətlə təbrik edən ARDNŞ prezidenti Rövnəq Abdullayev burada yaradılmış şəraitlə tanış olmuşdur. ARDNŞ prezidentinə məlumat verilmişdir ki, SOCAR brendi altında fəaliyyət göstərəcək yanacaqdoldurma stansiyalarının hər birində kiçik yeməkxanalar, valyuta dəyişmə məntəqələri, alış-veriş mərkəzləri, poçt terminalları, avtomobillərə texniki xidmət məntəqələri, kontaktsız yuma yerləri açılmışdır. Bildirilmişdir ki, ARDNŞ-nin yanacaqdoldurma məntəqələrində bir çox yeniliklər tətbiq edilmişdir. Məntəqələr inşaat işlərində dünyada ilk dəfə istifadə olunmuş korian adlı unikal tikinti materialından qurulmuşdur. Məntəqələrdə tədarük və satışa, digər istehsalat proseslərinə vahid mərkəzdən nəzarət etmək imkanı verən yeni avtomatlaşdırılmış sistem quraşdırılmışdır.

MDB məkanında analoqu olmayan, Finlandiyada istehsal edilmiş kontaktsız yuma avadanlıqları 5 dəqiqə ərzində maşınların maksimal dərəcədə yuyulub qurudulmasına şərait yaradır. Məntəqələrdəki poçt terminallarında isə bütün kommunal xərclərin ödənilməsi mümkündür. ARDNŞ-nin emal müəssisələrində istehsal olunan məhsulların satılacağı bu məntəqələrin tikintisindən razı qaldığını söyləyən və burada paytaxt əhalisinə yüksək səviyyədə xidmət göstəriləcəyinə əminliyini vurğulayan R. Abdullayev məntəqələrdə çalışanlara işlərində uğurlar arzulamışdır. O qeyd etmişdir ki, bu il Bakıda daha 7, gələn il isə 10 belə məntəqənin istifadəyə verilməsi nəzərdə tutulur.