Azərbaycan reklam bazarı ötən il 15% artıb

Azərbaycanın reklam bazarının həcmi 2010-cu ilin yekunlarına görə 45-50 mln. manat təşkil edib.

Bu, əvvəlki ilə nisbətən təqribən 15% çoxdur. Bunu «APA-Economics»ə açılamasında Azərbaycan Reklamçılar Assosiasiyasının prezidenti Cahid Həsənov bildirib: «Bütün reklam növləri üzrə müşahidələr və bazar araşdırmaları reklam bazarının təqlribən 50 mln. manat ətrafında olduğunu göstərir».

Ekspertin sözlərinə görə, 2010-cu ildə reklam bazarının böyük hissəsini – 22-25%-ni (təxminən 12-13 mln. manat) mobil rabitəyə aid reklamlar təşkil edib: «Ölkənin üç mobil rabitə operatoru bu il də reklama xəsislik etməyib».

Reklamlar daha çox mobil rabitə, ərzaq, bank, turizm və kosmetika məhsul və xidmətlər sektorlarını əhatə edir. Reklam bazarının 20%-i qida məhsullarının – ərzaq, içkilər, şirniyyat və s. – payına düşür. Bazarın 15-18%-i maliyyə sektoru, 14-15%-i isə avtomobil reklamlarının payına düşür. Ötən il ərzaq və avtomobil reklamları azalıb.


Reklam yayımlarında isə əsas yeri yenə də televiziyalar tutur. Keçən il reklamların böyük hissəsi – təxminən 60%-i tele və radio kanallarının payına düşüb. Bazarın qalan hissəsini küçə və nəqliyyatda (20-25%), qəzet və jurnallarda (təqribən 8%), eləcə də internet reklamı, sponsorluq aksiyaları və tədbirlər, eləcə də sosial reklamlar tutur. Açıq havadakı reklamların 80%-i Bakıda cəmləşib. Jurnallardakı reklamların böyük hissəsi şou-biznes xarakterli dərgilərdə toplanıb.

C.Həsənovun fikrincə, bu il reklam bazarının daha sürətlə artacağı gözlənilir. Ekspertin sözlərinə görə, bu həm ayrı-ayrı sahələrin inkişafı, həm bazara yeni məhsulların çıxarılması, həm də bəzi əlamətdar hadisələrlə bağlıdır: «Məsələn, reklam bazarının əsas sifarişçilərindən olan «Azercell» şirkəti ötən il 14 illiyini qeyd edirdisə, bu il 15 illiyi - yubiley münasibətilə onun reklamlarının 2010-cu illə müqayisədə azı 20% çox olacağı gözlənilir».

Ekspert hesab edir ki, Azərbaycanın reklam bazarına təsir edəcək ən ciddi amillərdən biri ölkədə 3D texnologiyalı məhsullarla bağlı reklam kampaniyalarının başlaması olacaq: «Artıq ötən ilin sonunda 3D məhsulların – kinoteatrlar üçün avadanlıqlar, ev kinoteatrları, televizorlar, fotoaparatlar, videokameralar və s.-nin istehsalı ilə məşğul olan 4 iri şirkət bu sahənin reklamı üçün büdcələr ayırıb və reklamlar başlanıb».

C.Həsənov bildirir ki, ənənəvi analoqlarından dəfələrlə baha olan 3D malların reklamına da iri məbləğlər xərclənəcək.