Bakıda “Sheraton” oteli açılacaq


Sheraton_logo1.gif (420×298)
“Starwood Hotels & Resorts Worldwide, Inc” şirkəti “Silk Way Airlines” MMC ilə Bakıda “Sheraton” otelinin açılması haqqında saziş imzalayıb.
Gün.Az-ın şirkətin məlumatına istinadən verdiyi xəbərə görə, otelin cari ilin payızında açılması planlaşdırılıb.

“Sheraton Baku Airport” otelinin açılışı Starwood-un Azərbaycanda fəaliyyətə başlamasından xəbər verir və şirkətin strateji genişlənmə planının – yaxın üç ildə bütün dünyada 60-dan çox Sheraton otelinin açılması - bir hissəsidir” - məlumatda deyilir.

“Yeni sərhədlərə çıxma bizim genişlənmə strategiyamızın mərkəzindədir və biz “Silk Way Airlines” ilə əməkdaşlıqdan çox şadıq. Bu Starwood-un Azərbaycandakı ilk oteli olacaq” - Starwood Hotels & Resorts-un prezidenti Roeland Vos bildirib.

Onun sözlərinə görə, Bakı ölkənin əsas iqtisadi mərkəzi və regionda ən mühüm turizm yerlərindən biridir.

“Sheratonun möhkəm nüfuzu gələcək Bakının beynəlxalq turistlər üçün təyinat məntəqəsi kimi təqdim edilməsi məqsədlərinə xidmət edəcək” – deyə, o qeyd edib.

“Sheraton Baku Airport Hotel” Heydər Əliyev Beynəlxalq Aeroportu – ölkənin əsas hava darvazaları yaxınlığında yerləşəcək. Oteldə 14 lüks daxil olmaqla 207 nömrə olacaq və  yalnız hava limanının bilavasitə yaxınlığında yerləşmə üzrə firma variantı təklif ediləcək”.

Oteldə müxtəlif restoranlar, konferensiya zalları, Lounge Sheraton Club və s. fəaliyyət göstərəcək.

“Azərbaycan iqtisadi baxımdan artmaqda davam edir. Heydər Əliyev Beynəlxalq Aeroportu turistlərdə ölkə haqqında ilk təəssüratları formalaşdırır. Hesab edirik ki, bütün dünyada tanınan “Starwood Hotels & Resorts Worldwide” şirkəti ilə tərəfdaşlığımız gələcəkdə Azərbaycanda mehmanxana biznesinin inkişafına böyük təsir göstərəcək” – deyə, “Silk Way” holdinqinin müşahidə şurasının sədr müavini Jaouad Dbila bildirib.

Hazırda Moskvada üç, Gürcüstanda isə 2 mehmanxana olmaqla, Şərqi və Mərkəzi Avropada 72 “Starwood” oteli fəaliyyət göstərir.