Rusiyanın ən böyük reklam satışı şirkəti Azərbaycan bazarını tərk edib

Rusiyanın reklam satışı üzrə ixtisaslaşmış “Video İnterneşnl” şirkəti Azərbaycan bazarını tərk edib. Şirkət öz aktivlərini ötən ilin dekabrında yerli menecmentə satıb, lakin bu haqda məlumat indi yayılıb.

Azərbaycanda yalnız “Lider TV” ilə əməkdaşlıq edən “Video İnterneşnl” bu bazara 2006-cı ildə daxil olub. Həmin il Azərbaycanda reklam xərcləri 19,5 mln. dollar həcmində qiymətləndirilirdi. Hazırda isə bu göstərici 53 mln. dollardır.

Qeyd edək ki, “Video İnterneşnl” şirkəti Rusiyada ən böyük reklam satıcısıdır. Şirkət ölkənin 8 kanalında reklam vaxtı satır, 5 kanalla məsləhətçi saziş bağlayıb, həmçinin mətbuatda, internetdə və radioda da reklam satışı ilə məşğuldur. Rusiya reklam bazarının həcmi isə 4,1 mlrd. dollardır.

“APA-Economics”