“Kontakt Electronics” qanunsuz reklam üsullarından istifadə edib

“ABC-Telekom” MMC-yə məxsus “Kontakt Electronics” mağazasında aparılan yoxlama zamanı qanunsuz reklam üsullarından istifadə edilməklə istehlakçıların çaşdırıldığı müəyyənləşdirilib.

İqtisadi İnkişaf Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu səbəbdən qeyd olunan təsərrüfat subyekti barəsində İİN yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Dövlət Xidmətində işə baxılıb və “Haqsız rəqabət haqqında” qanunun tələblərini pozduğuna görə “ABC-Telekom” MMC-yə 3.7 min manat maliyyə sanksiyası tətbiq edilib.