Ali Ağaoğlu Bakıya gəlib


Türkiyənin və Yaxın Şərqin ən məşhur iş adamlarından biri, milyarder Ali Ağaoğlunun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda həyata keçirilən dənizdə şəhər – «Khazar İslands» layihəsi ilə tanış olmaq və bu layihə üzrə əməkdaşlığı müzakirə etmək üçün Bakıya səfərə gəlib.

Türkiyəli biznesmen Bakıya «Khazar İslands» layihəsini reallaşdıran «Avesta» şirkəti rəhbərliyinin dəvəti ilə gəlib.

Heydər Əliyev Beynəlxalq Hava Limanında keçirilən görüşdə «Avesta» şirkətinin rəhbəri Hacı İbrahim İbrahimov türkiyəli investora Azərbaycanda həyata keçirilən investisiya layihələri, «Khazar İslands» layihəsi və onun hazırkı durumu barədə məlumat verib.





Azərbaycana ilk dəfə gələn A.Ağaoğlu jurnalistlərə açıqlamasında «Khazar İslands» layihəsi ilə tanış olduğunu və bu layihənin onu çox maraqlandırdığını bildirib: «Bakıya cənab İbrahimovun qonağı kimi birgə əməkdaşlıq imkanlarımızı müzakirə etmək üçün gəlmişəm. Hazırda Azərbaycanda, Bakıda böyük layihələr həyata keçirilir. Layihə ilə tanış oldum və o, məni inanılmaz dərəcədə maraqlandırdı. Səfərimiz də bu layihə ilə tanış olmaq və əməkdaşlığı müzakirə etmək məqsədi daşıyır. Səfər zamanı bu layihənin tikintisi və burda ortaq görə biləcəyimiz işlərlə tanış olacağıq. «Khazar İslands» dünya miqyaslı bir layihədir və Azərbaycanın, Bakının dünyadakı imicinə böyük töhfə verəcək. Mən bu münasibətlə cənab İbrahimovu təbrik etmək istəyirəm».

«Khazar İslands» layihəsinin müəllifi, «Avesta» şirkətinin rəhbəri Hacı İbrahim İbrahimov Türkiyənin nüfuzlu iş adamının Azərbaycana səfərinin və buradakı layihələrlə maraqlanmasının Azərbaycanda gedən sürətli inkişafın göstəricilərindən biri olduğunu bildirib: «Türkiyədən Əli Ağaoğlu kimi iri investorun maraq göstərməsi bu layihənin necə möhtəşəm olduğunu göstərir – bu o deməkdir ki, artıq «Khazar İslands» layihəsi dünya miqyasında tanınır. «Khazar İslands» layihəsi Əli bəyi maraqlandırıb. Biz onu layihə ilə yaxından tanış edəcəyik və düşünürəm ki, bu layihədə birlikdə bəzi işlər görəcəyik».

Layihənin nəzərdə tutulan qrafik üzrə uğurla həyata keçirildiyini bildirən İ.İbrahimov qeyd edib ki, artıq 300 hektar sahə qurudulub: «Burada 10-a qədər restoran tikilir, onların tikintisi yaxın vaxtlarda – iki ay müddətində başa çatacaq. Bundan başqa, 4 km yolun asfaltını çəkib işıqlandırılmasını təmin etmişik, böyük bir körpünün inşasına başlamışıq və onu iki ay müddətində başa çatdıracağıq».

«Avesta» rəhbəri bildirib ki, artıq «Khazar İslands» layihəsi dünya investorlarının diqqətini cəlb edib. Dünyanın müxtəlif yerlərindən investorlar və iş adamları bu layihəyə maraq göstəriblər, bununla bağlı görüşlər keçirilib və belə görüşlər davam edir: «Artıq layihəyə xarici investisiyaların cəlb edilməsi ilə bağlı ilkin müqavilə də bağlanıb. Sentyabrın ortalarında dövlət rəhbərliyinin iştirakı ilə bu layihənin təqdimetmə mərasimini keçirmək planlaşdırılır».

Bu gün türkiyəli iş adamının rəhbərlik etdiyi nümayəndə heyəti «Khazar İslands»ın tikinti ərazisində də olaraq layihə və işləri gedişi ilə yerində tanış olublar.

Xatırladaq ki, Əli İbrahim Ağaoğlu 1954-cü ildə Trabzon şəhərində anadan olub. İş həyatına 1975-ci ildə başlayıb. Hazırda onun başçılıq etdiyi «Agaoglu Group» 1990-cı ildən Türkiyədə iri tikinti layihələri reallaşdırmaqla məşğuldur. İndiyədək şirkət «My World», «My Office», «My Towerland» kimi yüksək keyfiyyətli tikinti layihələri həyata keçirib. Hazırda «Agaoglu Group»un fəaliyyəti tikinti və kurort biznesi kimi sahələri əhatə edir. Məşhur «Forbes» jurnalının 2011-ci ildə apardığı araşdırmalara əsasən, Ə.Ağaoğlu 2,1 mlrd. dollar kapitalla Türkiyədə 10-cu, dünyada isə 564-cü varlı və nüfuzlu şəxsdir.

Dənizdə süni arxipelaq üzərində salınacaq «Khazar Islands» ümumi sahəsi 3 min hektar olan 41 müxtəlif ölçülü adadan və onun üzərində salınmış 19 mikrorayondan ibarət olacaq. Arxipelaqın uzunluğu 8 km, eni 3 km olmaqla ümumilikdə 24 kv. km-i əhatə edəcək. Adaların bulvar xəttinin ümumi uzunluğu 50 km-ə çatacaq. Layihənin icrası ümumilikdə təqribən 100 mlrd. ABŞ dollarına başa gələcək və 4 mərhələdə həyata keçiriləcək. İlk mərhələ 2016-cı ildə başa çatacaq və bu işlər çərçivəsində 5 mln. kv. metr və ya 40 min mənzil tikiləcək. İlkin mərhələ üçün 12 mlrd. dollar investisiya tələb olunur ki, bunun da 4 mlrd. dollarının xarici investorlardan cəlb edilməsi nəzərdə tutulur.

APA